İqtisadiyyat Özəl

Büdcə gəlirləri xərcləri 2,4 milyard manat üstələdi — Açıqlama

Büdcə gəlirləri xərcləri 2,4 milyard manat üstələdi — Açıqlama

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin ilk yarısında dövlət büdcəsinə 19 milyard 179,4 milyon manat vəsait daxil olub, xərclər isə 16 milyard 775,5 milyon manat təşkil edib. Yaranan 2 milyard 403,9 milyon manatlıq profisit dövlət maliyyəsinin cari vəziyyətini və xərclərin icra dinamikasını yenidən gündəmə gətirir.

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı Elçin Rəşidov bildirib ki, profisitin yaranmasında büdcə gəlirlərinin yüksək olması ilə yanaşı, xərclərin icra səviyyəsi də rol oynayıb:

Büdcə gəlirləri xərcləri 2,4 milyard manat üstələdi — Açıqlama

“Burada əsas məsələ odur ki, bu il büdcə xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub. Yəni hökumət tərəfindən xərcləmələrin müəyyən hissəsi həyata keçirilməyib.

Eyni zamanda, əvvəlki illərlə müqayisədə büdcə vəsaitlərinin istifadəsində səmərəliliyin artırılması da mümkün amil ola bilər. Lakin bununla bağlı dəqiq nəticəyə gəlmək üçün büdcə xərclərinin ayrı ayrı istiqamətlər üzrə icra göstəricilərini təhlil etmək lazımdır.

Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, bizdə ilin ilk yarısında profisit yaranması halları müşahidə olunur. İndi də ilin ilk yarısını qiymətləndiririk. Sonra ilin sonuna yaxın xərcləmələr artır. Dövlət büdcəsindən xərcləmələrin həcmi yüksəlir və ilin sonunda büdcə ya balanslaşdırılır, ya da fərqli nəticə ortaya çıxır. İlin ilk altı ayı ilə sonrakı altı ayda xərcləmələrin həcmi eyni olmur. Xüsusilə son rübdə, ilin son aylarında xərcləmələr artır.

Yəni əsas səbəb budur ki, xərclər il ərzində qeyri bərabər icra edilir. Bu, ümumiyyətlə, müxtəlif ölkələrdə müşahidə olunan haldır. Bu səbəbdən profisitin əsas səbəblərindən biri də büdcə xərclərinin il ərzində qeyri bərabər icra edilməsidir.

Yaranan əlavə vəsait hansı sahələrə yönəldilməlidir ki, iqtisadi artım və əhalinin rifahı baxımından daha səmərəli olsun?

Burada əlavə vəsaitdən danışmaq üçün ilin sonunu gözləmək lazımdır. Qeyd edilən fərq ondan ibarətdir ki, ilin bəzi xərcləri sadəcə olaraq daha gec icra edilir və ilin sonunda xərcləmələrin həcmi arta bilər. İlin sonunda belə bir vəsait qalarsa, bu, artıq ayrıca qiymətləndirilməlidir. Hazırda isə vəsaitin ilin sonunda qalıb qalmayacağını demək mümkün deyil.

Çünki profisit olub olmamasından asılı olmayaraq, söhbət büdcə vəsaitlərinin səmərəli istifadəsindən gedir və bu yanaşma bütün büdcə xərclərinə şamil edilə bilər.

Qeyd edim ki, ölkədə büdcə vəsaitlərinin səmərəliliyinin artırılmasına ehtiyac olan sahələr var. Həmin sahələrdə idarəetmə və xərcləmə mexanizmləri təkmilləşdirilsə, bu, büdcə xərclərinin iqtisadi artım baxımından daha səmərəli olmasına imkan verə bilər.

Bu barədə dəfələrlə müxtəlif müsahibələr vermişik. Belə məsələlər demək olar ki, bir çox sektorda mövcuddur. Məsələn, təhsil sektorunda vəsaitlərin istifadəsinin səmərəliliyi ilə bağlı müəyyən problemlər var. Yaxud kənd təsərrüfatı sahəsində verilən subsidiyalar. Bu baxımdan, subsidiyaların müəyyənləşdirilməsi zamanı xərclərin real iqtisadi səmərəliliyi nəzərə alınmalıdır.

Belə məsələlərdə əsas məqsəd ayrı ayrı qrupların deyil, ümumi iqtisadiyyatın və əhalinin maraqlarının nəzərə alınması olmalıdır. Büdcə vəsaitlərinin daha səmərəli istiqamətlərə yönəldilməsi həm iqtisadi artıma, həm də əhalinin rifahına müsbət təsir göstərə bilər. Bunu müxtəlif sahələr üzrə təhlil etdikdə, büdcə xərclərinin səmərəliliyinin artırılması üçün imkanların olduğunu görmək mümkündür”, deyə iqtisadçı fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az