Türkiyənin Elazığ şəhərində yaşayan 41 yaşlı Aysun Alpsoy iş yerində xəstənin zərbəsi nəticəsində burnu sındıqdan sonra keçirdiyi 4 əməliyyatın ardından həkimdən şikayətçi olub.
Demokrat.az xəbər verir ki, iddiaya görə, Alpsoy 4 il ərzində burnundakı problemin aradan qaldırılması üçün plastik cərrah Dr. İ.B.-yə müraciət edib. Üç əməliyyat həkimin öz klinikasında, sonuncu isə Elazığ Medikal Hospitalda ümumi anesteziya altında aparılıb.
Qadının sözlərinə görə, əməliyyatlardan sonra burnunda yanıq və tikiş izləri, cırılma, qığırdaq əriməsi və forma pozuntusu yaranıb. O, burnunun dəliklərinin də bir-birinə nisbətdə qeyri-bərabər olduğunu bildirib.
Alpsoy həkimə müxtəlif əməliyyatlar üçün ümumilikdə bir neçə dəfə qızıl və pul verdiyini deyib. Lakin nəticədən narazı qaldığını və artıq həmin həkimə etibar etmədiyini vurğulayıb.
“İnsanlar üzümə baxanda utanıb üzümü çevirirəm. Özümü çox pis hiss edirəm. Mən sözün əsl mənasında həyatdan qopmuşam”, deyə qadın bildirib.
Onun sözlərinə görə, burnunun düzəldilməsi üçün başqa həkimlər də müalicəni üzərlərinə götürmək istəməyib. Alpsoy problemin həlli üçün ödədiyi pulun geri qaytarılmasını və başqa həkimə müraciət etmək istədiyini, lakin bunun qəbul edilmədiyini bildirib.
Bundan sonra qadın hüquqi yollara əl ataraq plastik cərrahdan şikayətçi olub və məhkəməyə müraciət edib.
Alpsoyun burnunun ilkin olaraq işlədiyi baxım mərkəzində bir xəstənin qəfil zərbəsi nəticəsində sındığı qeyd olunur.



Jalə Demokrat.az


