İqtisadiyyat Özəl

Kredit götürənlərin diqqətinə! — Bankların verdiyi son şans

Kredit götürənlərin diqqətinə! — Bankların verdiyi son şans

Bank qarşısında kredit öhdəliyi olan bəzi vətəndaşlar ödənişləri uzun müddət həyata keçirə bilmədikdə borcun məhkəmə yolu ilə tələb ediləcəyini düşünür. Lakin aylarla gecikmə olmasına baxmayaraq, bəzi hallarda banklar məhkəməyə müraciət etmirlər.

Bəs bunun səbəbi nədir? Bank hansı hallarda borclunu məhkəməyə verir?

Bank eksperti Emin Kərimov bu barədə Demokrat.az-a danışıb.

Onun sözlərinə görə, bu prosedur həm bank qanunvericiliyi, həm də bankın öz daxili prosedurları əsasında həyata keçirilir:

“Yəni problemli kreditlərin idarə olunması əsas prosedurlar əsasında icra olunur. Bəzi hallarda bank müştəriyə güzəştə gedərək kreditin restrukturizasiyasını təklif edə bilir. Əlavə güzəşt müddəti təyin edə bilir. Bank müştərisini itirməmək üçün məhkəmədən əvvəl müştəriyə tərəf addımların atılmasını təklif edir. Kreditin məhkəməyə düşməsi zamanı faizlərin dondurulması, müəyyən əlavə olunmuş cərimələrin silinməsi prosesləri var ki, bu da müəyyən dərəcədə bankın gəlirlərinin azalmasına səbəb ola bilər. Eyni zamanda məhkəməyə düşən işlər də elə olur ki, hüquqi prosedurlar getdiyinə, apellyasiya şikayətləri olduğuna görə müəyyən müddətlər üzrə uzana bilər. Bu da bankın həmin vəsaitdən gəlir əldə etməməsi ilə nəticələnə bilər.

Ümumilikdə, məhkəməyə qədər olan prosedurlar da xüsusi əhəmiyyət kəsb edir. Bank öz müştərisinə tərəf addım ataraq yaranmış problemin kökünü araşdırır. Ola bilər, məsələn, şəxsin iş yeri bağlanıb və yaxud iş yerindən məhrum olub. Əməkhaqqı azalıb və yaxud biznes sahibidirsə, biznesdə problemlər yaranıb, biznesdə çöküş gedir və ya ümumi qlobal və yaxud daxili proseslər nəticəsində biznesdə zəifləmələr var. Bütün bunları nəzərə alaraq məhkəməyə qədər bu problemlərin həlli üçün müştəriyə müəyyən şanslar verilir. Amma bu şansları da dəyərləndirməyəndə artıq məhkəməyə müraciət olunur.

Məhkəməyə müraciət olunmada da müəyyən prosedurlar var. Orada eyni zamanda məhkəmə rüsumları, ekspertiza xərcləri var. Yəni bunlar hamısı xərclər olduğuna görə banklar çalışırlar ki, bu prosesləri məhkəməyə qədər müştəri ilə həll edə bilsinlər. Qarşılıqlı razılıq əsasında bu məsələni yoluna qoysunlar və eyni zamanda toksik aktivlərin yaranmasının qarşısını alsınlar. Lakin artıq şəxs krediti ödəyə bilmirsə, müxtəlif səbəblərdən problemi həll edə bilmirsə, məsələ məhkəmə müstəvisində həll olunur və məhkəmənin qətnaməsi əsasında növbəti proseslər icra edilir”.

Ekspertin fikrincə, bir şeyi də nəzərə almaq lazımdır ki, banklar kredit verərkən müxtəlif mənbələrdən vəsait cəlb edirlər və bu vəsaitin qaytarılması üzrə də öhdəlik daşıyırlar:

“Əgər kredit götürən şəxs krediti vaxtında ödəmirsə, bunun məhkəmə yolu ilə həllini istəyirsə və yaxud məhkəməyə çıxan işlərə görə məhkəmədən müəyyən vaxt tələb olunursa, o zaman bankın özünün də öhdəliklərini icra etməyində çətinlik yaranır. Məsələn, deyək ki, bank A şəxsindən vəsait alıb, B şəxsinə verib. İndi B şəxsi pulu qaytarmadığına görə bank A şəxsi qarşısında olan öhdəliyini icra edə bilmədiyinə görə gedib C şəxsindən əlavə vəsait cəlb edir. Yəni A qarşısında öhdəliklərini icra etmək üçün vəsait cəlb edir. Bu vəsait C-dən müəyyən faizlə alındığına görə A-nın borcu bağlansa da, C qarşısında bankın borcu yaranır. Eyni zamanda B şəxsdə də, yumşaq desək, işləməyən, qeyri-işlək borcu qalır. Bu borc qaytarılmalıdır ki, müxtəlif kreditorlar qarşısında banklar öz öhdəliklərini icra edə bilsinlər. Yəni məhkəməyə qədər ümumiyyətlə kreditlərin həll olunması, aktivlərin toksik aktivdən qeyri-toksik aktivə keçirilməsi daha məqsədəuyğun bir prosesdir. Belə ki, bank əlavə xərclərə düşmədən, əlavə ehtiyatlar yaratmadan verdiyi krediti geri ala bilsin. Bu zaman əsas qayda kimi aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması qaydasından da istifadə olunur. Bunun əsasında aktivlər təsnifləşdirilir və müvafiq qeyri-işlək aktivlərin, kreditlərin artıq məhkəməyə müraciət olunması prosesi bu qayda daxil olmaqla digər qanunvericilik aktlarının tələbi əsasında həyata keçirilir”.

Fidan Hacızadə

D
demokrat.az