Kriminal Özəl

Bakıda şadlıq evində meyvə şirəsinə görə dava düşdü — İş məhkəməyə getdi

Bakıda şadlıq evində meyvə şirəsinə görə dava düşdü — İş məhkəməyə getdi

Bakının Nizami rayonunda şadlıq sarayında dava olub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayon ərazisində fəaliyyət göstərən “Qızıl Saray” adlı şadlıq sarayında baş verib.

İstintaq sənədlərinə görə, Biləsuvar rayon sakini, 1986-cı il təvəllüdlü Cəmaləddin İsayev anbardar vəzifəsində işlədiyi şadlıq sarayının zalında toy mərasimi keçirilərkən həmin şadlıq sarayında ofisiant işləyən Kamran ilə mübahisə edib.

Belə ki, Kamran toyda qonaqların əyləşdiyi masalara qoymaq üçün qazlı içkilər götürmək məqsədilə bir neçə dəfə ona müraciət edərək anbardan içkilər götürməsi ilə əlaqədar irad bildirib. Bu vaxt Cəmaləddin Kamranı söyüb, toy mərasimində iştirak edən şəxslərin və şadlıq sarayının işçilərinin narahatlığına səbəb olub.

İttihama görə, Cəmaləddin daha sonra fiziki zor tətbiq etməklə, qəsdən əlinin arxa hissəsi ilə Kamranın üz nahiyəsinə vurub, ona xəsarətlər yetirib.

Faktla bağlı Cəmaləddinin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Cəmaləddin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, “Qızıl Saray” adlı şadlıq sarayında anbardar vəzifəsində işləyir:

“Məlum hadisə günü şadlıq sarayında toy məclisi olan zaman ofisiant işləyən Kamran anbara gələrək meyvə şirəsi istədi. Mən Kamrana həddindən artıq israfçılıq etdiyini bildirərək əsəbiləşdim və meyvə şirəsini vermədim. Kamran isə bu barədə restoranın müdiri Eltuna şikayət etdi. Mən Kamranın şikayət etməsini bilərək daha da əsəbiləşdim”.

Təqsirləndirilən şəxs deyib ki, daha sonra Kamranı kənara çəkib və əlinin arxa hissəsi ilə onun üz nahiyəsinə bir dəfə şillə vurub:

“Kamranı vuran zaman orada ancaq ikimiz olmuşuq. Ətrafda bizdən başqa heç kəs olmayıb, bizi heç kim aralamayıb. Oradan Kamran özü getdi. Sonradan Kamran Daxili İşlər Nazirliyinin “102” xidmətinə şikayət etdi”.

Cəmaləddin ifadəsinin sonunda zərərçəkmiş Kamranla barışdığını deyib. Zərərçəkmiş Kamran da ifadəsində təqsirləndirilən şəxslə barışdığını təsdiqləyib. O, ifadəsində Cəmaləddin İsayevlə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, Cəmaləddinə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib.

Nizami Rayon Məhkəməsinin hökmü ilə Cəmaləddinin əməli Cinayət Məcəlləsinin 221.1-ci maddəsindən həmin məcəllənin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsinə tövsif edilib.

Hökmdə qeyd olunub ki, Cəmaləddinin zərərçəkmişlə barışması əsas götürülüb. Qanunvericiliyə görə, onların barışması ilə əlaqədar olaraq təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət işi üzrə icraata xitam verilib.

Fariz Məlikli

D
demokrat.az