İran Prezidenti Məsud Pezeşkian son çıxışlarında ABŞ-la mümkün danışıqlar məsələsində ölkənin maraqlarının qorunmasının vacibliyini vurğulayıb. Eyni zamanda, İranın ali rəhbəri Əli Xameneinin ABŞ-la bağlı mövqeyi daha sərt olaraq qalır.
Politoloq Oqtay Qasımov məsələ ilə bağlıDemokrat.az-a açıqlamasında bildirib ki, İranda mövcud olan teokratik rejimin formal olaraq iki siyasi qanadı olub.

Onun sözlərinə görə, bunlardan biri mühafizəkar, digəri isə islahatçı qanad adlandırılır:
“Son bir ildə və xüsusilə də 28 fevraldan sonra ABŞ-İran-İsrail müharibəsi dövründə xarici siyasətdə və ümumiyyətlə, ölkənin gələcəyi ilə bağlı iki qütb arasında fikir ayrılıqları daha da dərinləşib. Belə ki, İran Prezidenti, parlament sədri, keçmiş prezident Məhəmməd Xatəmi və digərləri Amerika ilə danışıqların aparılmasının tərəfdarıdırlar. Radikal və mühafizəkar qanad isə savaş xəttinin davam etdirilməsinin, yəni sərt siyasətin tərəfdarıdır. Bu da İran hakimiyyəti daxilində real fikir ayrılıqlarının göstəricisi kimi qəbul olunmalıdır.
Əlbəttə ki, İran daxilində bu fikir ayrılıqları indiyə qədər də mövcud olub. Amma hazırkı müharibə şəraitində bu fikir ayrılıqları daha dərin parçalanmaya gətirib çıxara bilər.
Daha real görünən variant ondan ibarətdir ki, hazırda hakimiyyətin əsas rıçaqlarını əlində cəmləşdirmiş SEPAH və ona yaxın siyasi çevrələr bundan sonrakı dövrdə təşəbbüsü daha çox ələ keçirərək yumşaq xətt tərəfdarlarını sıxışdırmağa çalışacaqlar.
Amma, bu da İranda məsələlərin həlli demək deyil. Çünki hələ savaşdan öncə, ötən ilin sonlarından İranda sosial-iqtisadi vəziyyət və inflyasiya ilə bağlı etiraz aksiyalarının keçirildiyini və onların zor tətbiq edilərək dağıdıldığını, minlərlə insanın öldürüldüyünü xatırlasaq, o zaman aydın olur ki, İran daxilində hətta sərt xətt tərəfdarları müvəqqəti olaraq təşəbbüsü əldə saxlayaraq hakimiyyətə tam nəzarət edib öz siyasi iradələrini yeritməyə çalışsalar da, bu, perspektivdə İran daxilində həm parçalanmanın və ziddiyyətlərin dərinləşməsinə, həm də gələcəkdə daha ağır vəziyyətin yaranmasına gətirib çıxara bilər”, - deyə politoloq fikrini tamamlayıb.


