“Hər hansı media qurumunun müəyyən ölkəyə, şəxsə və ya hadisəyə qarşı qərəzli yanaşması, bir qayda olaraq, həmin dövrdə baş verən siyasi, geosiyasi və ictimai proseslərin təsiri ilə formalaşa bilər. Belə yanaşma uzunmüddətli xarakter daşımaya, konkret hadisələr və münasibətlər fonunda meydana çıxa bilər. Xüsusilə beynəlxalq auditoriyaya malik transmilli media qurumlarının ayrı-ayrı ölkələrlə bağlı yaydığı materiallar həmin ölkənin beynəlxalq imicinə və ictimai rəyə təsir göstərə bildiyi üçün bu məsələyə daha həssas yanaşmaq lazımdır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, filologiya elmlər doktoru, professor Qulu Məhərrəmli deyib.
Onun sözlərinə görə, CNN kimi dünyada geniş auditoriyaya malik media qurumunun Azərbaycanla bağlı yaydığı materiallarda birtərəfli və ya qərəzli yanaşmanın müşahidə olunması təəssüf doğuran haldır:
“Lakin belə vəziyyətə yalnız tənqid və etiraz müstəvisindən yanaşmaqla kifayətlənmək düzgün olmazdı. Əksinə, Azərbaycan beynəlxalq media qurumları ilə kommunikasiya imkanlarını genişləndirməli, həmin qurumların ölkədə fəaliyyət göstərməsi və Azərbaycan reallıqları ilə daha yaxından tanış olması üçün daha əlverişli şərait yaratmağa çalışmalıdır.
Burada əsas məsələ yalnız xarici medianı tənqid etmək deyil, Azərbaycan haqqında məlumatların beynəlxalq informasiya məkanında daha düzgün, dolğun və balanslı şəkildə təqdim olunmasına nail olmaqdır.
Bunun üçün yerli media qurumlarının da nüfuzlu beynəlxalq media təşkilatları ilə əlaqələri gücləndirməsi, informasiya mübadiləsini artırması və Azərbaycanla bağlı məsələlərdə xarici jurnalistlərin müxtəlif mövqelərlə tanış olmasına şərait yaratması vacibdir. Çünki beynəlxalq media ilə dialoqun genişləndirilməsi yanlış və ya birtərəfli təsəvvürlərin aradan qaldırılmasına kömək edə bilər.
Digər tərəfdən, məsələ hüquqi müstəviyə keçdikdə media qurumunun nüfuzu və beynəlxalq statusu onun məhkəmə qərarlarına münasibətdə ayrıca imtiyaz yaratmamalıdır. İstər CNN, istər BBC, istərsə də “The Washington Post” kimi böyük media qurumları fəaliyyət göstərdikləri ölkələrin qanunvericiliyinə və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına hörmət etməlidirlər.
Əgər məhkəmə konkret materialla bağlı hüquqi qiymət verər və müvafiq qərar qəbul edərsə, həmin qərarın icrası media qurumunun redaksiya siyasətindən və beynəlxalq nüfuzundan asılı olmamalıdır.
Bu baxımdan, məhkəmə prosesinin nəticəsi yalnız konkret materialın taleyi baxımından deyil, həm də beynəlxalq media qurumlarının Azərbaycanla bağlı gələcək fəaliyyətinə təsir göstərə biləcək hüquqi presedent kimi qiymətləndirilə bilər. Eyni zamanda, belə proseslər zamanı əsas məqsəd media azadlığının məhdudlaşdırılması təsəvvürü yaratmaq deyil, jurnalist fəaliyyətinin hüquqi məsuliyyət və peşə standartları çərçivəsində həyata keçirilməsinin təmin olunması olmalıdır.
Nəticə etibarilə, Azərbaycan üçün ən effektiv yanaşma həm beynəlxalq media ilə açıq və konstruktiv dialoqu genişləndirmək, həm də ölkə haqqında məlumatların beynəlxalq informasiya məkanında daha fəal şəkildə təqdim edilməsini təmin etməkdir.
Xarici medianın tənqidi ilə yanaşı, həmin media qurumları ilə peşəkar əlaqələrin qurulması, qarşılıqlı informasiya mübadiləsinin artırılması və hüquqi mexanizmlərdən istifadə edilməsi daha uzunmüddətli və nəticəyönümlü yanaşma hesab oluna bilər”, – deyə Qulu Məhərrəmli fikrini tamamlayıb.
Xatırladaq ki, ABŞ-ın transmilli xəbər şəbəkəsi olan CNN Azərbaycanla bağlı həqiqətə uyğun olmayan, qərəzli və təhrif edilmiş material yayımlayıb. Azərbaycan tərəfi bu dezinformasiyanın ölkənin beynəlxalq imicinə və nüfuzuna xələl gətirdiyini bildirərək rəsmi şəkildə adekvat addım atıb və məsələni hüquqi müstəviyə daşıyaraq CNN-i məhkəməyə verib.
CNN materialı dərc etməzdən əvvəl Azərbaycan tərəfinin mövqeyindən xəbərdar olub. Belə ki, CNN-in sorğusuna cavab olaraq, Azərbaycan tərəfi bu iddiaları əvvəlcədən rəsmən təkzib edib və Azərbaycan ərazisinin hər hansı üçüncü dövlət tərəfindən İrana qarşı hərbi və ya kəşfiyyat məqsədləri üçün istifadəsinə icazə verilmədiyini bildirib.
Amma belə bir cavaba baxmayaraq, materialda Azərbaycanın təqdim etdiyi mövqe adekvat şəkildə əks etdirilməyib, əsas iddialar isə anonim mənbələrə istinadla təqdim edilib.
Azərbaycan ərazisinin xarici qüvvələr tərəfindən qonşu və digər ölkələrə qarşı istifadəsinə imkan verilmədiyi barədə dəfələrlə verilmiş bəyanatlara baxmayaraq, CNN-də saxta iddialarla dolu məqalənin qəsdən dərc edilməsi Azərbaycanın haqlı narazılığına səbəb olub.
Material dərc edildikdən sonra Azərbaycan tərəfi CNN-dən sözügedən iddiaların təkzib edilməsini və materiala düzəliş verilməsini rəsmən tələb edib. Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi tərəfindən də müvafiq açıqlama verilib.


