Bakının Nəsimi rayonunda yerləşən Səməd Vurğun adına istirahət parkında qızla görüşən oğlanın başına iş gəlib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Hamlet Səməd Vurğun adına istirahət parkında olarkən Ülvinin (adlar şərtidir – red.) mobil telefonunu oğurlayıb.
İstintaq sənədlərinə görə, Hamlet Ülvinin tanışı Ülviyyə ilə birlikdə skamyada əyləşdiyini görüb. Bu zaman Ülvinin mobil telefonunun skamyanın üzərində olmasından, Ülvinin sevgilisinin mobil telefonu vasitəsilə sosial şəbəkələrə baxaraq video izləməsi ilə bağlı fikrinin yayınmasından istifadə edib, skamyanın üzərində olan mobil telefonu oğurlayıb, ona 1203 manat məbləğində maddi ziyan vurub.
Hamletin barəsində Cinayət Məcəlləsinin 177.1-ci (oğurluq) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Hamlet ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, əvvəllər Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə məhkum olunub və 2024-cü ilin sentyabr ayında azadlığa buraxılıb:
“Novxanı qəsəbəsində fəhlə işləyirəm və qardaşımla eyni ünvanda yaşayıram. Məlum hadisə günü, saat 21:40 radələrində tək olaraq Səməd Vurğun parkında gəzərkən bir nəfər cavan oğlanın və yanında, sol tərəfində qızın skamyada əyləşdiklərini gördüm. Oğlanın sol tərəfində isə heç kimin əyləşmədiyini və oğlanın sağ tərəfində, skamyanın üzərində mobil telefon olduğunu gördüm. Heç kimin görmədiyi bir vaxtda mobil telefonu gizli olaraq talayaraq oradan uzaqlaşdım”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra mobil telefona baxdıqda onun sönülü olduğunu görüb və əynində olan şalvarın sağ yan cibinə qoyaraq yaşadığı ünvana gedib:
“Evdə mobil telefona baxdıqda “iPhone” markalı mobil telefon olduğunu, “iPhone” markalı mobil telefonun polis əməkdaşları tərəfindən tez tapıldığı üçün satmaq fikrindən daşındım və özümdə saxladım. Növbəti gün polis əməkdaşları mənə yaxınlaşaraq mobil telefonun oğurlanması barədə bildirdilər. Mən etiraf edərək həmin mobil telefonu çıxarıb polis əməkdaşlarına təqdim etdim. Bundan başqa, analoji cinayət hadisəsi törətməmişəm. Oğurluq hadisəsini tək olaraq törətmişəm, bu barədə heç kimə bildirməmişəm”.
Zərərçəkmiş Ülvi ifadəsində göstərib ki, oğurluq baş verən dövrdə Azərbaycan Texniki Universitetinin 2-ci kurs tələbəsi olub: “Məlum hadisə günü, təxminən saat 21:40 radələrində Səməd Vurğun parkında tanışım Ülviyyə ilə görüşdüm və oturacağın üzərində əyləşərək onun mobil telefonunda olan “TikTok” sosial şəbəkəsinə baxdıq. Həmin vaxt özümə məxsus, 11 ay bundan öncə kreditə aldığım, dəyəri 2200 manat təşkil edən “iPhone 15 Pro” markalı mobil telefonu sağ tərəfimdə, oturacağın üzərinə qoydum. Ülviyyə ilə onun mobil telefonuna baxdığımız üçün öz mobil telefonuma nəzarət edə bilmədim. Bir neçə dəqiqədən sonra aşkar etdim ki, mobil telefon naməlum şəxs tərəfindən oğurlanıb”.
Zərərçəkmiş daha sonra qeyd edib ki, üzərindən hər hansı bir pul və yaxud qiymətli əşya oğurlanmayıb.
Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Hamlet 4 ay 16 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


