Sosial Özəl

Ermənistandan gələn məhsullara nəzarət necə olacaq? — Açıqlama

Ermənistandan gələn məhsullara nəzarət necə olacaq? — Açıqlama

Ermənistandan Azərbaycana yaxın vaxtlarda ixrac tədarükünün başlayacağı gözlənilir. Bunu Nikol Paşinyan bəyan edib. Ermənistandan Azərbaycana məhsul ixracının başlanması gözlənildiyi vaxtda, məhsulların keyfiyyəti və təhlükəsizliyi ilə bağlı hər hansı risklər yarana bilərmi?

Milli Məclisin deputatı Elman Nəsirov Demokrat.az-a açıqlamasında bildirib ki, keçən ilin 8 avqust tarixində Vaşinqtonda əldə olunmuş tarixi razılaşmalardan sonra Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün unikal imkanlar yaranıb:

{{photo-big-303296}}

“Həmin müqavilə artıq paraflanıb və sülh müqaviləsinin imzalanması üçün ilk növbədə hər iki dövlət və xalq arasında etimad mühitinin formalaşması istiqamətində addımlar atılmalıdır. Bu addımlar da indi atılmaqdadır. Belə ki, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti institutları arasında təmaslar artıq qurulub, Bakıda və İrəvanda görüşlər keçirilib. Azərbaycandan keçməklə Rusiyadan və Qazaxıstandan gələn yüklər maneəsiz olaraq, heç bir məhdudiyyət qoyulmadan Ermənistana çatdırılır.

Eyni zamanda, artıq Ermənistan parlamentinə yeni sədr də seçilib. O, Ruben Rubinyandır. O şəxs ki, Ermənistanın Türkiyə ilə danışıqlar prosesində təmsil edilirdi və sülh prosesinə loyal münasibəti ilə seçilən siyasətçilərdən biridir. Eyni zamanda, Azərbaycan və Ermənistan arasında iqtisadi sahədə də, kövrək olsa da, əlaqələrin əsasları qoyulub. Azərbaycandan Ermənistana neft və neft məhsulları göndərilir. Bu günlərdə məlum oldu ki, Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, yaxın vaxtlarda Ermənistandan da Azərbaycana ixrac məhsullarının göndərilməsi gözlənilir. Təbii ki, bu halda Azərbaycana ixrac olunan məhsulların keyfiyyəti və təhlükəsizliyi ilə bağlı məsələlər də aktuallıq kəsb edir”.

Deputatın sözlərinə görə, heç şübhəsiz ki, söhbət xüsusilə yeyinti məhsullarından gedəcəyi təqdirdə, onların tərkibi, keyfiyyəti və təhlükəsizliyi ilə bağlı məsələlər xüsusi əhəmiyyət kəsb edəcək və bu, bizim müvafiq qurumların nəzarəti altında baş verəcək:

“Amma əsas olan odur ki, iki dövlət arasında idxal-ixrac əməliyyatlarının başlanması və inkişaf etdirilməsi nəticə etibarilə regionumuza uzunmüddətli və dayanıqlı sülhün gəlməsi üçün unikal imkanlar pəncərəsi açır. Bu imkanlardan da maksimum istifadə olunmalıdır. Bu ilin sonunda Ermənistan dövləti yeni Konstitusiyasını mətbuatda dərc etməyə hazırlaşır və istisna deyil ki, 2027-ci ilin əvvəlində həmin Konstitusiya referendumda qəbul edilsin və Azərbaycana qarşı ərazi iddiaları məsələsindən imtina olunsun. Bu belə olan təqdirdə, artıq Azərbaycan və Ermənistan münasibətlərində keyfiyyətcə yeni mərhələ başlaya, yeni səhifə açıla və sülh müqaviləsi imzalana bilər. Sülh müqaviləsinin imzalanması üçün isə mühitin formalaşması çox əhəmiyyətlidir. Bu baxımdan Ermənistandan da Azərbaycana məhsulların ixracı həmin etimad mühitinin formalaşmasına xidmət göstərir”.

Fidan Hacızadə

D
demokrat.az