İqtisadiyyat Özəl

Mağazalar eyni məhsula niyə fərqli qiymət qoyur? — Açıqlama

Mağazalar eyni məhsula niyə fərqli qiymət qoyur? — Açıqlama

Texnoloji avadanlıqların satışında eyni məhsulun müxtəlif mağazalarda fərqli qiymətlərə təklif edilməsi tez-tez rast gəlinən haldır. Xüsusilə tanınmış və bazarda daha çox etibar qazanan mağazalarda qiymətlər digər satış nöqtələri ilə müqayisədə daha yüksək ola bilər. Bəzi hallarda isə eyni model məhsul arasında qiymət fərqi 1000 manata qədər və ya daha çox olur. Bəzən insanlar daha baha qiymətin məhsulun daha keyfiyyətli və ya mağazanın daha etibarlı olması ilə əlaqəli olduğunu düşünərək seçimlərini bahalı satış nöqtəsinin xeyrinə edirlər.

Maraqlıdır, eyni texnoloji məhsulun müxtəlif mağazalarda qiymətinin bu qədər fərqlənməsinə hansı amillər səbəb olur? İstehlakçı məhsul alarkən yalnız qiymətə deyil, hansı məqamlara diqqət etməlidir və daha baha qiymət həqiqətən məhsulun daha keyfiyyətli və ya etibarlı olması deməkdirmi?

Demokrat.az-a bu barədə açıqlama verən iqtisadçı Emin Qəribli bildirib ki, bazar azaddır, ümumi prinsipə görə hər kəs öz qiymətini təyin edə bilər və qanunvericilikdə də bununla bağlı konkret məhdudiyyətlər yoxdur:

Mağazalar eyni məhsula niyə fərqli qiymət qoyur? — Açıqlama

“Tətbiq etdiyi əlavə qiymətə görə də vergi ödəməli olacaq. Amma bildiyimə görə, Milli Məclisdə bununla bağlı qanunvericiliyə müəyyən dəyişikliklər edilməlidir. Çünki Türkiyədə maksimum hədd müəyyən olunub və həmin həddən artıq qiymətin üzərinə əlavə dəyər qoyulmasına məhdudiyyət tətbiq edilir. Bizdə isə belə bir məhdudiyyət yoxdur. İkinci məsələ odur ki, böyük qiymət fərqi ola bilər, amma bunun nadir hallarda baş verdiyini düşünürəm. Yəqin ki, burada istehsalçı ölkə, məhsulun keyfiyyəti, ayrı-ayrı funksiyaları və digər amillər də nəzərə alınmır. Hər bir məhsulu alarkən, təbii ki, 100 dəfə ölçüb-biçməyə ehtiyac var. Özü də elə bir dövrdür ki, internet imkanları var. Biz özümüz də hər hansı bahalı məhsul almaq istəyərkən internetdə müəyyən araşdırma aparır, mağazalara gedib baxır, qiymətləri müqayisə edir, məhsulun keyfiyyətini və xüsusiyyətlərini dəyərləndiririk”.

İqtisadçı qeyd edib ki, böyük alış-verişdən söhbət gedirsə, bütün bunlardan sonra qərar qəbul edirik:

“Min manat və sairə qədər olan fərq xırda məhsullarda insanın diqqətindən yayına bilər. Adətən deyirlər ki, kiçik məhsullarda faiz fərqi daha çox olur və bu, gözə o qədər də görünmür. Amma iri məhsullara gəldikdə, bazar genişdir və istehlakçının seçim imkanları var. Əgər belə hallar varsa, bununla bağlı son dövrlərdə müəyyən addımların atılması, xüsusilə supermarketlərdə daha ucuz qiymətlərlə yeni məhsulların və alternativlərin ortaya çıxması müşahidə olunur. Bununla bağlı qanunvericilikdə də dəyişikliklərin olması mümkündür. Amma iri məhsullara gəldikdə isə, istehlakçıların qiymətləri təhlil edib qərar qəbul etmək imkanları var. Bu gün bunun üçün kifayət qədər imkan mövcuddur. Bu problemlərin həlli üçün həm dövlət tərəfindən müəyyən tədbirlər görülməli, həm də insanlar ayıq-sayıq olmalıdır. Bazar iqtisadiyyatıdır. Mən məhsulu satıram deyə, bu o demək deyil ki, istənilən adam gəlib həmin məhsulu almalıdır. İstehlakçının seçim etmək hüququ və imkanı var”.

Fidan Hacızadə

D
demokrat.az