Maraqlı Özəl

Ayın "iki üzü"nün sirri açılır: Alimlər qədim nəhəng toqquşmanın izlərini tapdı

Ayın iki üzünün sirri açılır: Alimlər qədim nəhəng toqquşmanın izlərini tapdı

Çinli alimlər Ayın bizə görünən tərəfi ilə uzaq tərəfi arasındakı böyük fərqin səbəbini araşdırarkən mühüm elmi nəticələr əldə ediblər.

Demokrat.az xəbər verir ki, “Global Times”ın yaydığı məlumata görə, alimlər “Çanq'e-6” missiyası ilə Aydan Yerə gətirilən torpaq nümunələrini araşdıraraq peykin təkamül tarixinə dair yeni sübutlar ortaya çıxarıblar.

Ayın Yerə baxan tərəfində geniş və tünd rəngli bazalt düzənlikləri üstünlük təşkil edir. Uzaq tərəfdə isə daha çox parlaq dağlıq ərazilər və daha az düzənlik müşahidə olunur. Bu kəskin fərq uzun illərdir alimləri düşündürən əsas suallardan biridir.

Tədqiqatçılar “Çanq'e-6” missiyasının gətirdiyi Ay torpağındakı süxurları yüksək dəqiqliklə analiz ediblər. Araşdırmanın nəticələri Ayın uzaq tərəfindəki fərqli quruluşun milyardlarla il əvvəl baş vermiş nəhəng toqquşma ilə əlaqəli ola biləcəyini göstərib.

Alimlərin fikrincə, sözügedən toqquşma Ayın Cənub Qütbü–Aytken hövzəsinin yaranmasına səbəb olub. Bu hadisə Ayın ilkin maqma okeanı bərkidikdən sonra da onun qabığına və üst mantiyasına ciddi təsir göstərərək uzaq tərəfdəki maddələrin tərkibini dəyişdirib.

Yeni nəticələr Ayın formalaşması ilə bağlı mövcud “maqma okeanı” modelini tamamlayır. Tədqiqatçılar hesab edirlər ki, Ayın qabıq və mantiya təbəqələrinin formalaşması bütün bölgələrdə eyni şəkildə baş verməyib.

Araşdırma Ayın niyə iki fərqli görünüşə malik olduğunun anlaşılması və onun mürəkkəb təkamül tarixinin öyrənilməsi baxımından mühüm elmi məlumatlar təqdim edir.

Jalə Demokrat.az

D
demokrat.az