Ağdaş rayonunda sosial şəbəkədə başlayan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, 2000-ci il təvəllüdlü Pərviz əvvəlcədən həmkəndlisi Vahid ilə Vaqifin (adlar şərtidir – red.) arasında “TikTok” sosial şəbəkəsində başlayan mübahisənin davamı olaraq digər həmkəndlisi Asim ilə birlikdə Ağdaş rayonunun Ərəbocağı kəndi ərazisində yerləşən ictimai yer hesab edilən əsas asfalt yolun kənarındakı torpaq sahəsinə gedib.
Orada Pərviz Vahidlə əvvəlcədən baş vermiş mübahisə zəminində onun ünvanına ucadan qışqıraraq söyüşlər söyüb.
Daha sonra Pərviz Vahidin üz və çənə nahiyələrinə bir neçə dəfə yumruqla zərbə endirib və ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Faktla bağlı Pərvizin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında barışıq əldə olunub. Bu səbəbdən zərərçəkmiş şəxs ona qarşı şikayətini geri götürüb və onu bağışlayıb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.


