Alimlər müəyyən ediblər ki, ketogen pəhriz qaraciyərdə alkoqolun parçalanmasını ləngidərək onun qanda daha uzun müddət qalmasına səbəb olur və eyni zamanda spirtli içkilərə olan istəyi azaldır.
Demokrat.az xəbər verir ki, araşdırmanın nəticələri "Neuropsychopharmacology" jurnalında dərc olunub.
Təcrübələr alkoqol asılılığı olan siçovullar üzərində aparılıb. Bir qrup səkkiz həftə ərzində kalorilərin 93 faizinin yağlardan əldə edildiyi ketogen pəhrizlə, digər qrup isə 13 faiz yağ tərkibli adi yemlə qidalandırılıb.
Ketogen pəhriz saxlayan heyvanlarda alkoqolu parçalayan ADH1 fermentinin səviyyəsi azalıb. Nəticədə spirt qanda daha uzun müddət qalıb.
Bununla yanaşı, ketogen pəhriz saxlayan erkək siçovullar alkoqol əldə etmək üçün "qola" daha az basıb və bədən çəkisinə nisbətdə daha az spirtli içki qəbul edib. Dişi siçovullarda isə belə təsir müşahidə olunmayıb. Müəlliflər bunun metabolik müdaxilələrə reaksiyanın cinsdən asılı ola biləcəyi ilə əlaqədar olduğunu ehtimal edirlər.
Beynin vizuallaşdırılması göstərib ki, ketogen pəhriz saxlayan heyvanlarda neyronlar əhəmiyyətli dərəcədə daha az qlükoza qəbul edib və enerji mənbəyi kimi keton cisimlərindən istifadə etməyə başlayıb.
Davranışla bağlı təsiri metabolik təsirdən ayırmaq üçün alimlər qruplar arasında qandakı alkoqol səviyyəsini də xüsusi olaraq eyniləşdiriblər.
Jalə Demokrat.az


