Düyü də digər kənd təsərrüfatı məhsulları kimi istifadə edilməzdən əvvəl təmizlənməlidir. Lakin bişirməzdən əvvəl onu yumaq yalnız mümkün çirklənmələri aradan qaldırmır, həm də hazır yeməyin teksturasına və dadına təsir edir.
Demokrat.az xarici mediaya istinadən xəbər verir ki, peşəkar aşpazlar hansı hallarda düyünü yumağın lazım olduğunu izah ediblər.
Aşpaz Deyl Tald düyünü bişirməzdən əvvəl yumağı məsləhət görür. Onun sözlərinə görə, bu, emal prosesindən sonra dənələrin üzərində qala bilən toz və çirki, eləcə də səthi artıq nişastanı təmizləyir.
Bunun sayəsində dənələr bir-birinə yapışmır və hazır düyünün teksturası daha yaxşı olur. Yuyulmuş düyü bişirilərkən dənələr daha yaxşı ayrılır və nəticədə daha dənəvər olur.
Məsələn, suşi üçün istifadə edilən düyünü bişirməzdən əvvəl yumaq lazımdır. Bu, düzgün teksturanın yaranmasına və maki və ya rulonların hazırlanması zamanı düyünün həddindən artıq yapışqan kütləyə çevrilməsinin qarşısını alır.
Düyünü necə düzgün yumaq olar?
Düyünü yumaq hazırlıq prosesinə cəmi bir neçə dəqiqə əlavə edir. Tald düyünü xırda dəlikli süzgəcə qoymağı və su tamamilə şəffaflaşana qədər soyuq axar su altında əllə ehtiyatla qarışdıraraq yumağı məsləhət görür.
Daha yaxşı tekstura əldə etmək üçün yuyub suyunu süzdükdən sonra düyünü 20-30 dəqiqə saxlamaq olar.
Aşpaz Sunçul Şim bildirir ki, bu üsul Şərqi Asiya mətbəxində geniş yayılıb. Bu müddət ərzində nəmlik dənələrin daxilində bərabər paylanır və nəticədə düyü daha bərabər bişir, teksturası və dadı yaxşılaşır.
Tald həmçinin daha yaxşı tekstura üçün düyünü bişirməzdən əvvəl təxminən 30 dəqiqə soyuq suda islatmağı tövsiyə edir.
Düyünü nə vaxt yumaq lazım deyil?
Əgər yemək üçün yaxşı yapışan düyü tələb olunursa, onu yumaq məcburi deyil.
Məsələn, risotto və paella hazırlanarkən düyü adətən yuyulmur. Bunun səbəbi daha kremli tekstura əldə etmək üçün nişastanın qorunmasının vacib olmasıdır.
Hazır qarışıqlardan və ya ədviyyatlı dəstlərdən olan düyünü də yumaq məsləhət görülmür. Çünki əlavə edilmiş inqrediyentlər dənələrin səthində və ya daxilində ola bilər.
Zənginləşdirilmiş düyünün də yuyulması tövsiyə edilmir. Bəzi məhsulların üzərində “yumaq olmaz” və ya “yuyulmadan istifadə edin” kimi xüsusi qeyd olur.
Şübhə yarandıqda nə etmək lazımdır?
Əmin deyilsinizsə, düyünü yumaq daha yaxşıdır. Lakin artıq düyünü bişirməyə qoymusunuzsa və onu yumadığınızı xatırlamısınızsa, prosesi dayandırıb yenidən başlamağa ehtiyac yoxdur.
Yuyulmamış düyü təhlükəli və ya həddindən artıq nişastalı olmayacaq. Növbəti dəfə onu yuyaraq nəticəni müqayisə edə bilərsiniz.
Jalə Demokrat.az


