Cəmiyyət Özəl

Bu şəxslərin evliliyi bəzən uğursuz alınır — Açıqlama

Bu şəxslərin evliliyi bəzən uğursuz alınır — Açıqlama

Həbsxanada cəza çəkən şəxslərlə nikahların bağlanması həm ailə münasibətləri, həm də onların gələcəkdə cəmiyyətə reinteqrasiyası baxımından diqqət çəkən məsələlərdəndir. Belə nikahların məhbusların emosional vəziyyətinə, məsuliyyət hissinə və cəmiyyətə qayıtdıqdan sonra ailə münasibətlərinə necə təsir göstərdiyi maraq doğurur.

Digər tərəfdən, həbsxana şəraitində qurulan ailə münasibətləri azadlığa çıxdıqdan sonra fərqli reallıqlarla üzləşə bilər. Uzun müddət ayrı qalmaq, gündəlik həyatın dəyişməsi, sosial və psixoloji problemlər, eləcə də tərəflərin gözləntilərinin fərqli olması münasibətlərin gələcəyinə təsir göstərə bilər.

Bəs həbsxanada olan şəxslərlə bağlanan nikahlar onların cəmiyyətə və ailə həyatına yenidən inteqrasiyasına psixoloji baxımdan necə təsir edir? Belə münasibətlər məhbusun islah olunmasına və sosial həyata uyğunlaşmasına kömək edə bilərmi? Həbsxanada qurulan nikahların azadlıqdan sonra uğurlu ailə həyatına çevrilməsi nə dərəcədə mümkündür?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında psixoloq Vəfa Rəşidova bildirib ki, şəxsin məhbus olduğu müddətdə ailə qurmasının müsbət tərəfləri də var.

Bu şəxslərin evliliyi bəzən uğursuz alınır — Açıqlama

Onun sözlərinə görə, belə bir nikah insanın özünü tamamilə təcrid olunmuş və cəmiyyətdən kənarda hiss etməsinin qarşısını müəyyən qədər ala bilər:

“Eyni zamanda ailə bağlarının formalaşması məhbusda “Mən tək deyiləm, mənim ailəm var” düşüncəsini yarada bilər. Bu hiss məhbus üçün mühüm psixoloji dayaq rolunu oynaya bilər. İnsan gələcək haqqında düşünməyə, azadlığa çıxdıqdan sonra onu gözləyən ailəsinin olduğunu təsəvvür etməyə başlayır. Bu da onun davranışlarına, gələcəklə bağlı planlarına və cəmiyyətə yenidən uyğunlaşmaq istəyinə müsbət təsir göstərə bilər. Yəni insan özünü lazımlı və dəyərli hiss edə bilər. Onun üçün ailə anlayışı bir məqsədə çevrilə bilər və “Mən buradan çıxdıqdan sonra məni gözləyən insanlar var” düşüncəsi gələcəyə daha pozitiv baxmasına kömək edə bilər.

Lakin burada müəyyən mənfi məqamlar da mövcuddur. Xüsusilə məhbus olduğu müddətdə evlənən şəxslərdə qarşı tərəfi idealizə etmək riski yarana bilər. Çünki onlar real həyatın gündəlik problemlərini birlikdə yaşamırlar. Münasibətlər əsasən məktublar, telefon danışıqları, mesajlar, sevgi və dəstək ifadələri üzərində qurulur. Belə ünsiyyət tərəflərin bir-birini daha çox ideal obrazda görməsinə səbəb ola bilər.

Məhbus olan şəxs qarşı tərəfi olduğundan daha mükəmməl təsəvvür edə bilər. Eyni şəkildə, azadlıqda olan tərəf də məhbusu məktublardakı və telefon danışıqlarındakı davranışına əsasən qiymətləndirə bilər. Nəticədə hər iki tərəfdə real insandan daha çox, öz təsəvvürlərində yaratdıqları bir obraz formalaşa bilər”.

Psixoloq əlavə edib ki, əsas problem məhbusluq dövrü başa çatdıqdan və tərəflər real həyat şəraitində birlikdə yaşamağa başladıqdan sonra ortaya çıxa bilər:

“Çünki gündəlik həyatın öz qayğıları, məsuliyyətləri, maddi və məişət problemləri, xarakter fərqləri və emosional çətinlikləri var. Tərəflər həmin mərhələdə bir-birlərinin real xarakter xüsusiyyətlərini daha yaxından tanıyırlar. Bu zaman əvvəlki ideal obrazla real insan arasında fərq meydana çıxa bilər.

Nəticədə münasibətlərdə məyusluq, qısqanclıq, qarşılıqlı anlaşılmazlıq, emosional gərginlik və aqressiya yarana bilər. Bəzi hallarda tərəflər bir-birini əvvəlki təsəvvürləri ilə müqayisə etməyə başlayırlar. Əgər münasibətlərdə sağlam ünsiyyət qurulmazsa, bu proses münaqişələrə, hətta daha ciddi problemlərə gətirib çıxara bilər.

Burada şəxsin hansı səbəbdən məhbus olduğu məsələsi də diqqətdən kənarda qalmamalıdır. Məhbusluq faktı avtomatik olaraq həmin şəxsin pis həyat yoldaşı olacağı anlamına gəlmir. Lakin ailə qurarkən insanın keçmiş davranışları, məsuliyyət hissi, aqressiv davranışa münasibəti, konfliktləri necə həll etdiyi və gələcək həyatla bağlı planları nəzərə alınmalıdır.

Eyni zamanda cəmiyyətə reinteqrasiya prosesi də vacibdir. Şəxs azadlığa çıxdıqdan sonra ailəsinin dəstəyi onun yenidən cəmiyyətə uyğunlaşmasında mühüm rol oynaya bilər. Lakin ailə münasibətləri yalnız emosional bağlılıq üzərində deyil, qarşılıqlı hörmət, etibar, məsuliyyət və sağlam ünsiyyət üzərində qurulmalıdır.

Bir psixoloq kimi sonda bunu deyə bilərəm ki, məhbusla evlənmək avtomatik olaraq mənfi qiymətləndirilməməlidir. Burada əsas məsələ nikahın hansı şəraitdə qurulması və tərəflərin bir-birini nə dərəcədə real tanımasıdır. Əsas məsələ məhbusluq dövründə yaranan münasibətin azadlıqdan sonra necə davam edəcəyidir.

Tərəflər bir-birlərini yalnız məktublar, telefon danışıqları və idealizə olunmuş obraz üzərindən deyil, real xarakterlərini, həyat prinsiplərini və davranışlarını tanımağa çalışmalıdırlar. Əks halda məhbusluq dövründə qurulan ideal münasibət real həyata keçdikdə gözləntilərlə reallıq arasında ciddi fərq yarana bilər. Buna görə də belə münasibətlərdə ən vacib məsələlərdən biri qarşılıqlı gözləntilərin əvvəlcədən düzgün müəyyənləşdirilməsi və gələcək ailə həyatına psixoloji baxımdan hazırlıqlı olmaqdır”, - deyə Vəfa Rəşidova fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az