Sabirabad rayonunda 30 yaşlı oğlan atasının əmisi nəvəsi ilə intim hərəkətlər etməkdə ittiham edilib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1996-cı il təvəllüdlü Sərvər 2024-cü ilin may ayının təxminən əvvəllərində istintaqa məlum olmayan gündə və saatda qohumu, aralarında sevgi münasibətləri olan yetkinlik yaşına çatmayan Zərifə (adlar şərtidir – red.) ilə münasibətdə olub. O, Zərifənin yaşadığı Sabirabad rayonunun kəndindəki evin yataq otağında onunla seksual hərəkətlər edib, cinsi əlaqədə olub.
Bundan başqa, o, bu hərəkətlərini həmin ilin may ayının sonlarında davam etdirib. Sərvərin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Sərvər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Sabirabad rayonunun kəndində yaşayır, valideynlərini hələ uşaq ikən itirib:
“Zərərçəkmiş Zərifə mənim uzaq qohumum olub. Zərifənin atası Əfqanla mənim mərhum atam Kərəm əmioğlu olublar. Zərifənin atası arvadı ilə 2019-cu ildən boşanıb. Həmin vaxtdan etibarən Zərifə atası ilə birlikdə yaşayıb. Zərifənin yaşadığı evə qohum kimi gedib-gəlmişəm”.
Təqsirləndirilən şəxs deyib ki, 2023-cü ildən etibarən Zərifə ilə aralarında sevgi münasibətləri olub:
“Həmin münasibətlərimiz 2025-ci ilin sentyabr-oktyabr aylarınadək davam edib. Mənim Zərifə ilə aramızda sevgi münasibətlərinin olmasından onun atası Əfqan da məlumatlı olub. Əfqan isə Zərifənin 18 yaşı tamam olduqdan sonra ailə qurmağımıza icazə vermişdi”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2024-cü ilin may ayının əvvəllərində, dəqiq xatırlamadığı vaxtda Zərifənin evinə qonaq gəlib:
“Həmin vaxt Zərifədən başqa onun mərhum nənəsi Sima evin həyətində oturub. Bu vaxt Zərifə ilə birlikdə evə qalxaraq söhbət etdik. Söhbət etdiyimiz zaman bir-birimizə yaxınlaşdıq və Zərifəni öpdüm. Mən Zərifə ilə heç bir cinsi və seksual xarakterli hərəkətlər etməmişəm”.
İş üzrə zərərçəkmiş Zərifə bildirib ki, anası və atası 2019-cu ildə boşanıb:
“Həmin vaxtdan sonra atamla birlikdə Sabirabad rayonunun kəndində yaşamışam. Buna baxmayaraq, mütəmadi olaraq mobil telefon vasitəsilə anam ilə əlaqə saxlamışam. Atamın Sərvər adında əmisi oğlu uzun müddətdir ki, məni sevib. Mən də əvvəllər Sərvəri sevmişəm və aramızda sevgi münasibətim olub”.
Zərifə qeyd edib ki, 2024-cü ilin may ayının əvvəllərində, dəqiq xatırlamadığı vaxtda Sərvər yaşadıqları evə gəlib:
“Həmin zaman evdə məndən başqa mərhum nənəm olub. Nənəm evin həyətində oturduğu vaxtda mən və Sərvərlə birgə söhbət edərək evə qalxdıq. Söhbət əsnasında Sərvər mənə sevişməyi təklif etdi. Mən sevişmək dedikdə, dəqiq olaraq nəyi nəzərdə tutduğunu soruşdum. O, öpüşmək və əlaqədə olmağı istədiyini dedi. Həmin vaxtlarda Sərvəri sevdiyim üçün onunla gələcəkdə ailə quracağımı fikirləşdim və buna razılıq verdim. Biz yaşadığımız evin yataq otağına keçdikdən sonra əlaqədə olduq”.
Zərərçəkmiş bildirib ki, bundan başqa, 2024-cü ilin may ayının sonlarında, axşam saatlarında dəqiq xatırlamadığı vaxtda Sərvər onlara qonaq gəlib:
“Mən həyətə düşərək söhbət edən zaman Sərvər məni çox istədiyini bildirdi, əlaqədə olmaq istədiyini bildirdi. Bundan sonra evin arxa tərəfindəki qaranlığa çəkildik. Orada bir-birimizlə münasibətdə olmağa başladıq. Əlaqədə olandan sonra əynimizdə olan paltarları düzəltdik, evə qalxdıq”.
Zərifə qeyd edib ki, 2024-cü ilin sentyabr ayında nənəsi öldükdən sonra Sərvər ona istifadə etməsi üçün mobil telefon alıb:
“Həmin mobil telefon nömrəsi vasitəsilə Sərvərlə əlaqə saxladım. Lakin zaman keçdikcə Sərvər mənə qarşı yersiz qısqanclıqlar etdi. Məni hamıdan qısqanmaqla sıxdığı üçün aramızda mübahisə yarandı. Həmin mübahisə zamanı Sərvər 2025-ci ilin oktyabr ayının ortalarında mənə verdiyi mobil telefonu əlimdən aldı. Buna görə də sıxıldım və anamla əlaqə saxlayaraq darıxdığımı, yanına gəlmək istədiyimi bildirdim. Anam Bakı şəhərindən taksi ilə yaşadığımız kənddəki evimizin qarşısına gəldi və heç kəsə heç bir söz demədən anamın yanına getdim. Onunla birlikdə Bakı şəhərində onun yaşadığı evə getdim. Həmin günün səhəri anamla söhbət edərkən nə üçün sıxıldığımı ondan soruşdu. Sərvəri əvvəllər sevdiyini, onunla cinsi əlaqədə olduğumu, lakin Sərvərin hədsiz və yersiz qısqanclıqlarına görə artıq həyatımda istəmədiyimi bildirdim. Anam buna əsəbləşdi və mənimlə birlikdə Sabirabad Rayon Polis Şöbəsinə gəldik, bu barədə ərizə ilə müraciət etdik”.
Sabirabad Rayon Məhkəməsinin hökmü ilə Sərvər 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilib. O, məhkəmə iclası zalından dərhal həbs edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


