Türkiyədə Ali Məhkəmə diqqətçəkən boşanma qərarını təsdiqləyib.
Demokrat.az xəbər verir ki, Ankarada iş adamı N.Y. anasının dəfn mərasimində iştirak etmədiyi üçün 20 illik həyat yoldaşı S.Y.-yə qarşı boşanma iddiası qaldırıb. Məhkəmə qadını tam təqsirli bilib və qərar Ali Məhkəmə tərəfindən də qüvvədə saxlanılıb.
İş adamı 2024-cü ildə qaldırdığı iddiada həyat yoldaşının toy mərasimlərində onu müşayiət etmədiyini, dəfn mərasimlərinə qatılmadığını və son olaraq anasının dəfnində iştirak etməməsinin onun üçün münasibətlərdə “son damla” olduğunu bildirib. Cütlüyün iki övladı var.
S.Y. isə həyat yoldaşını sevdiyini, problemin qayınanası ilə arasında olduğunu deyib. Onun sözlərinə görə, qayınanası xəbər vermədən evlərinə gəldiyi üçün aralarında mübahisə yaranıb və o, həmin vaxt “Nə ölümümdə, nə dirimdə gəl” ifadəsini işlədib. Qadın bu səbəbdən dəfn mərasimində iştirak etmədiyini bildirib.
Ankara Ailə Məhkəməsi qadını boşanmaya səbəb olan hadisələrdə tam təqsirli hesab edib. Qərarda onun bu sözlərə görə ərinin anasının dəfninə qatılmamasının ər-arvad münasibətlərində ciddi pozuntu yaratdığı qeyd olunub.
Məhkəmə həmçinin ər N.Y.-nin üzərinə atıla biləcək hər hansı təqsirin sübuta yetirilmədiyini bildirib. Qərar daha sonra Ali Məhkəmə tərəfindən də təsdiqlənərək yekunlaşıb.
İş adamının vəkili Senem Yılmazel bildirib ki, dəfn mərasimində iştirak etməmək uzun müddətdir davam edən ailə problemlərinin ardından “son damla” olub. Onun sözlərinə görə, tərəflər arasında sosial və mədəni fərqlər, eləcə də gəlin-qayınana gərginliyi mövcud olub.
Vəkil qərarın presedent xarakteri daşıdığını vurğulayaraq, həyat yoldaşının yalnız valideyninin deyil, yaxın qohumunun və ya yaxın dostunun dəfnində iştirak etməməsinin də konkret hallardan asılı olaraq ailə münasibətlərində ciddi problem və boşanma səbəbi kimi qiymətləndirilə biləcəyini deyib.
Yılmazel Türkiyə Mülki Məcəlləsinin 185-ci maddəsində ər-arvadın bir-birinə sədaqətli olmaq, birlikdə yaşamaq və qarşılıqlı yardım göstərmək öhdəliyinin nəzərdə tutulduğunu xatırladıb.
Jalə Demokrat.az


