İqtisadiyyat Özəl

Maliyyə təhlükəsizliyini sarsıdan risk üzə çıxdı — Açıqlama

Maliyyə təhlükəsizliyini sarsıdan risk üzə çıxdı — Açıqlama

Azərbaycanda qanunsuz onlayn mərc platformalarında milyonlarla manatın dövr etməsi diqqət çəkən məsələlərdən biridir. Bu cür platformaların fəaliyyəti yalnız mərc oynayan şəxslərin maliyyə itkisi ilə nəticələnmir, eyni zamanda ölkə iqtisadiyyatında qeyri-rəsmi pul dövriyyəsinin artmasına və vergidən yayınma risklərinin yaranmasına səbəb ola bilər.

Qanunsuz mərc platformalarında dövr edən böyük həcmdə vəsaitin iqtisadiyyatın rəsmi dövriyyəsindən kənarda qalması dövlət büdcəsi və maliyyə sistemi üçün hansı riskləri yaradır? Bu platformaların fəaliyyətinin qarşısını almaq, pul axınlarını izləmək və qanunsuz maliyyə dövriyyəsini azaltmaq üçün hansı nəzarət mexanizmləri tətbiq olunmalıdır?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov bildirib ki, qanunsuz mərc artıq sadəcə qumar məsələsi deyil, bunu maliyyə təhlükəsizliyi problemi kimi qiymətləndirmək olar.

Maliyyə təhlükəsizliyini sarsıdan risk üzə çıxdı — Açıqlama

Onun sözlərinə görə, qanunsuz mərc platformalarında milyonlarla manat dövr edir:

“Artıq bunu yalnız sosial problem kimi qiymətləndirə bilmərik. Burada söhbət kölgə iqtisadiyyatından, vergi itkilərindən, kapitalın ölkədən çıxarılmasından və qeyri-şəffaf maliyyə dövriyyəsindən gedir. Hətta bir çox hallarda maliyyə dələduzluqları, fırıldaqçılıq və vətəndaşların aldadılması da baş verə bilər. Yəni burada məsələ bir qədər daha ciddidir. Əsas məsələ insanların nə qədər pul uduzması deyil. Burada əsas diqqət həmin pulların haradan gəlməsinə, hansı hesablar vasitəsilə dövr etməsinə və sonradan kimin cibinə getməsinə, bunun hansı risklər yaratmasına yönəldilməlidir.

Saytları bloklamaqla da problem həll olunmur. Bu gün bir platforma yaranır, sabah başqa domen və ya eyni məzmunlu başqa bir tətbiq meydana çıxır. Bu, kiberməkanda tez-tez baş verən hallardandır. Buna görə də dövlətin əsas funksiyası yalnız bu saytlara nəzarət etməkdən daha çox, pul axınlarına nəzarət etmək olmalıdır ki, problemin birbaşa kökünü kəsmək mümkün olsun.

Banklar və ödəniş təşkilatları riskli əməliyyatları vaxtında müəyyənləşdirməli, şübhəli hesablar və kart şəbəkələri araşdırılmalıdır. Xaricə yönəldilən maliyyə axınlarının son benefisiarları müəyyənləşdirilməlidir. Eyni zamanda belə hallarla bağlı əvvəlcədən müəyyən edilmiş mexanizmlər və qara siyahılar olmalıdır ki, riskli əməliyyatlar aşkarlandıqda hansı tədbirlərin görülməli olduğu aydın olsun.

Maliyyə Monitorinqi Xidməti, banklar, hüquq-mühafizə orqanları və digər aidiyyəti qurumlar arasında məlumat mübadiləsi daha operativ və koordinasiyalı şəkildə qurulmalıdır. Hazırda bəzi məsələlərdə, məsələn, oğurlanan vəsaitlərlə bağlı müxtəlif qurumların ayrı-ayrılıqda məlumat paylaşdığının şahidi olmuşuq. Mərkəzi Bank bir müddət əvvəl bununla bağlı məlumat paylaşmışdı, Daxili İşlər Nazirliyi və digər aidiyyəti qurumlar da ayrıca açıqlamalar verirdi. Amma yaxın zamanda bu istiqamətdə koordinasiyalı işçi qrupunun yaradılması ilə bağlı məlumatlar da yayıldı. Eyni yanaşma qanunsuz mərc platformaları ilə mübarizədə də tətbiq olunmalıdır.

Yəni məsələyə artıq yalnız qumarla mübarizə kimi baxmamalıyıq. Buna maliyyə təhlükəsizliyinin təmin edilməsi və kölgə iqtisadiyyatına qarşı mübarizə kimi yanaşmaq lazımdır. Çünki qanunsuz mərc biznesini yaşadan və inkişaf etdirən internet deyil, puldur. Biz də həmin pul axınlarına nəzarəti normal şəkildə təmin etməliyik. Dövlət bu vəsaitlərin hərəkət etdiyi maliyyə kanallarına nəzarət etməli və bu istiqamətdə risklərdən qorunmaq üçün effektiv mexanizmlər formalaşdırmalıdır”, – deyə ekspert fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az