Maraqlı Özəl

Kartof qızartması ilə şorbanı bir neçə dəqiqəyə qatılaşdırmağın qeyri-adi üsulu

Kartof qızartması ilə şorbanı bir neçə dəqiqəyə qatılaşdırmağın qeyri-adi üsulu

Şorba həddindən artıq duru alınıbsa, onu qatılaşdırmaq üçün un və ya yarma əlavə etməyə ehtiyac yoxdur. Bunun üçün əvvəlki yeməkdən qalan kartof qızartmasından istifadə etmək mümkündür.

Demokrat.az xəbər verir ki, amerikalı kulinariya jurnalisti Helen Roznerin paylaşdığı bu üsul xüsusilə yeməyin dadı düzgün alındığı halda konsistensiyasının çox duru olduğu vəziyyətlərdə işə yarayır.

Kartof qızartması şorbanı necə qatılaşdırır?

Soyuq və yumşalmış kartof qızartması xırdalandıqdan sonra kartof püresinə və ya nişastaya bənzər şəkildə mayeni özünə çəkərək şorbanı daha qatı və kremvari edir.

Bunun üçün sous və güclü ədviyyatlar əlavə edilməmiş adi kartof qızartmasından istifadə etmək məsləhətdir. Ketçup, mayonez və ya barbekü sousu şorbanın dadını dəyişə bilər. Kartofun soyuducuda düzgün saxlanıldığından və istifadəyə yararlı olduğundan da əmin olmaq lazımdır.

Təxminən 1 litr şorba üçün 5-8 orta ölçülü kartof qızartması ilə başlamaq, ehtiyac olduqda miqdarı artırmaq tövsiyə edilir.

Necə əlavə etmək lazımdır?

Kartof qızartmasını hündür qaba qoyub üzərinə bir çömçə isti şorba əlavə edin və blenderlə tam hamar kütlə alınana qədər çalın. Daha sonra qarışığı qazana töküb zəif odda 2-3 dəqiqə, davamlı qarışdıraraq bişirin.

Əgər şorbada tərəvəz və ya ət parçaları varsa, kartofu həmin məhsullarla birlikdə deyil, yalnız az miqdarda şorba ilə blenderdən keçirmək daha məqsədəuyğundur. Krem-şorbalarda isə bütün inqrediyentləri birlikdə qarışdırmaq mümkündür.

Kartof qızartmasının tərkibində yağ və duz olduğundan onun əlavə edilməsindən sonra şorbanın dadı daha intensiv ola bilər. Buna görə duz və digər ədviyyatların miqdarına diqqət etmək lazımdır.

Başqa hansı məhsullardan istifadə etmək olar?

Kartof qızartması olmadıqda şorbanı qatılaşdırmaq üçün **qaynadılmış düyü, kartof püresi, ağ lobya, mərcimək və ya noxud** da istifadə edilə bilər. Bu məhsulları bir qədər bulyonla blenderdən keçirib şorbaya əlavə etmək kifayətdir.

Krem-şorbalar üçün bayat çörək və ya yulaf lopaları da alternativ ola bilər. Digər sadə üsul isə hazır şorbadan bir çömçə götürüb tərəvəzlərlə birlikdə blenderdən keçirmək və yenidən qazana əlavə etməkdir.

Bu üsul əlavə inqrediyentlərdən istifadə etmədən şorbanın konsistensiyasını dəyişməyə imkan verir.

Jalə Demokrat.az

D
demokrat.az