"Kim “e-SİM” xidmətindən istifadə edir? Həyat yoldaşım Bakıda güc-bəla ilə qoşuldu. 15 manat ödədi, sonra əlavə 15 manat da ödəməli oldu. Türkiyəyə getdi. İstanbul hava limanına enəndə isə adam xidmət vasitəsilə heç bir mesaj göndərə bilmədi. Ümumiyyətlə, internetə qoşulmaq mümkün olmadı. Cəmi bir mesaj göndərə bilib, o da öz mobil operatorunun balansından istifadə etməklə".
Bu sözləri aparıcı Aytən Səfərova deyib. Aparıcı "e-SİM" xidmətindən şikayətçi olduğunu bildirib:
"Bu nədir? Nəyə lazımdır? İnsanları aldadırsınız? İnsanların halal zəhmətlə qazandığı pulları sizin məşhur simalardan istifadə edərək reklam etdiyiniz belə bir xidmətə xərclətmək nə dərəcədə doğrudur? Açığı, bu xidmətdən sonra nə deyəcəyimi də bilmirəm. Yarı işlək, yarı anlaşılmaz bir sistem təsiri bağışlayır. İnsan pulunu verir, amma hava limanına enən kimi internet yoxdur.
O məşhur simalar da kimlərdir, bilmirəm. Onlardan da xahiş edirəm, 3-5 manata görə reklam gigiyenanızı pozmayın. Reklam özü də aparıcı və məşhur sima üçün bir məsuliyyətdir. Hər şeyi reklam etmək, hər məhsulu camaata satmaq o deməkdir ki, siz artıq həmin sövdələşmənin bir hissəsinə çevrilirsiniz.
Siz özünüz bundan istifadə etmisinizmi? Reklam edirsiniz ki, "mən istifadə etmişəm, siz də istifadə edin". Bəs həqiqətən istifadə etmisiniz? Sadəcə dildə yox, əməldə istifadə etmisiniz? Adam düşünür ki, bir-iki manata qənaət edəcək, rahat internetdən istifadə edəcək. Amma hava limanına enən kimi internet yoxdur. Bu, nədir? Yeni oyundur? İnsanları aldatmaqdır? İnsaf da dinin yarısıdır".
Demokrat.az

