Sosial şəbəkələrdə qısa müddətdə böyük gəlir əldə etməyi vəd edən paylaşımlara tez-tez rast gəlinir. “Asan qazanc”, “sərmayəsiz gəlir”, “gündəlik yüksək qazanc” kimi vədlər xüsusilə gənclərin diqqətini çəkir. Lakin belə təkliflərin arxasında real biznes modeli ilə yanaşı, maliyyə fırıldaqları və digər risklər də dayana bilər.
Sosial şəbəkələrdə “tez qazanc” vədlərinin hansı hallarda təhlükəli olduğunu necə müəyyən etmək olar və belə təkliflərlə qarşılaşan şəxslər nələrə diqqət etməlidirlər?
Demokrat.az-a bu barədə açıqlama verən iqtisadçı Asif İbrahimovun sözlərinə görə, bu məsələ elə bir həddə çatıb ki, artıq vətəndaşın pulunu qorumaq dövlətin məsuliyyətidir:

“Fişinq və dələduzluq halları artdıqca, bu məsələ öz zəruriliyini daha da artırır. Bir paylaşımda deyirlər ki, 100 manat yatır, qısa müddətdə 300 manat götür. Digərində isə sərmayəsiz biznesin sahibi olmağın mümkün olduğu vəd edilir. Biz artıq o mərhələni keçmişik ki, “bu, insanların öz seçimidir” demək düzgün olsun. Çünki söhbət təkcə maliyyə qərarlarından getmir. Maliyyə savadsızlığından və insanların zəifliyindən istifadə edərək onların pulunu sistemli şəkildə riskə atmaqdan gedir. Bu da hər bir belə hadisənin gələcəkdə sosial partlayışa gətirib çıxarmasına səbəb ola bilər. Postsovet ölkəsi modeli olaraq, vətəndaş birmənalı olaraq bütün bədbəxtliyinin günahında hökumətin də payı olduğunu düşünür. Bu məsələyə görə dövlət və maliyyə bazarına nəzarət edən qurumlar, hüquq-mühafizə orqanları və sosial platformalar daha ciddi yanaşmalıdırlar. Sosial şəbəkə artıq maliyyə bazarının bir dalanıdır. Əvvəllər maliyyə fırıldaqlarının təşkil olunması üçün ofis, telefon, reklam və müəyyən təşkilati struktur lazım idisə, indi artıq smartfon, sosial şəbəkə hesabı və bir qədər inandırıcı danışıq kifayətdir ki, insanları aldatsınlar. İnsan özünü maliyyə eksperti, investor, treyder və yaxud uğurlu sahibkar kimi təqdim edərək insanlara yüksək gəlirlər vəd edir. Ən təhlükəlisi odur ki, bu şəxslərin bir hissəsi özlərini peşəkar göstərmək üçün bahalı avtomobillərdən, ofislərdən, səyahətlərdən, pul görüntülərindən və saxta uğur hekayələrindən istifadə edirlər. Yəni bunlar hansısa iqtisadi model yox, insanlara görüntü satmağa başlayırlar və insanlara bunu aşılamağa çalışırlar. Belə olduğu halda, bu məsələlər əvvəlcədən qiymətləndirilməli və nəzarət tədbirləri həyata keçirilməlidir. Dövlət yalnız vətəndaş pulunu itirdikdən sonra hərəkətə keçməməlidir.
Hazırkı vəziyyətdə də görürük ki, problem məhz budur. Bir vətəndaş pulunu itirdikdən, borca girdikdən və ailəsinin yığdığı vəsaiti belə bir sistemə yatırdıqdan sonra gəlib şikayət edir. Amma maliyyə bazarlarında əsas prinsip preventiv nəzarətlə bağlı hansısa bir mexanizmi düşünüb tətbiq etməkdir. Yəni dövlət əvvəlcə fırıldağın baş verməyini gözləməməlidir. Onun əlamətlərini vaxtında müəyyən etməlidir. Məsələn, sosial şəbəkələrdə zəmanətli yüksək gəlir, gündəlik və həftəlik sabit faiz, risksiz investisiya, sürətli varlanma və sair məsələlər təklif edən hesablar dövlət tərəfindən monitorinq edilməlidir. Burada məqsəd qanuni sahibkarlara mane olmaq deyil. Qanuni bizneslə maliyyə fırıldaqçılarının sərhədlərini qorumaq məsələsidir. Aidiyyəti qurumlara konkret müraciətlər olmalıdır”.
İqtisadçı qeyd edib ki, ilk növbədə, vətəndaşın investisiya və maliyyə xidməti adı altında kimə pul göndərdiyini asanlıqla yoxlaya biləcəyi vahid, açıq və operativ elektron reyestr mexanizmi tətbiq olunmalı və əlçatan olmalıdır:
“İkincisi, lisenziyasız və şübhəli maliyyə fəaliyyəti göstərən subyektlərlə bağlı xəbərdarlıqların yalnız qurumların saytında yerləşdirilməsi ilə kifayətlənmək olmaz. Daimi olaraq belə hüquqi və fiziki şəxslər, belə dələduzlar üzərində nəzarət olmalıdır və şərait, imkan yaradılmamalıdır ki, vətəndaşlar aldadılsın. Üçüncüsü, sosial şəbəkə platformaları ilə daha effektiv əməkdaşlıq qurulmalıdır. Bir hesab minlərlə insana maliyyə xidməti adı altında pul toplama çağırışı edirsə, onun fəaliyyəti tamamilə nəzarətsiz qala bilməz deyə düşünürəm. Maliyyə fırıldağı ilə bağlı vətəndaş müraciətlərinin araşdırılması da sürətləndirilsə, yaxşı olar. Çünki belə sxemlərdə zaman ən böyük faktordur. Fırıldaqçı bir ay ərzində yüzlərlə insanı aldada bilir. Vətəndaşın müraciətinə aylarla, aylar sonra reaksiya verilsə, artıq çox vaxt, təəssüflər olsun ki, itirilmiş vəsait geri qaytarılmır. Başqa bir ciddi məsələ də sosial şəbəkə fenomenlərinin və influenserlərin maliyyə məhsullarının reklamında iştirakıdır. Bir insan milyonlarla izləyiciyə “Mən bu sistemlə pul qazandım, siz də qoşulun” deyirsə, bunun sadəcə şəxsi fikir olduğunu iddia etmək kifayət etməməlidir. Hökumət belə influenserləri də nəzarətə götürməlidir. Çıxıb minlərlə izləyiciyə bunu aşılamağa çalışırsansa, səhəri gün onlar hansısa bir dələduzluq sxeminin qurbanı olursa, sən də məsuliyyət daşımalısan ki, sən reklam eləmişdin, insanlar da bunun cəzasını çəkdi.
Ümumiyyətlə, sənin reklam xidməti göstərməyin qanunidirmi? Şirkət kimindir? Lisenziyası varmı ki, sən bunu reklam edirsən? İnsanın pulunu qəbul etmək hüququ olan təşkilatdırmı? Bunlar araşdırılmalıdır. Reklam edən şəxs bunun qarşılığında pul alırmı, nə qədər alır, nə qədər vergi ödəyir? Səhəri gün orada maliyyə fırıldağı baş verərsə, bunun məsuliyyətinə görə necə cavablandırılacaq? Çünki həmin maliyyə fırıldağının iştirakçısı hesab olunur”.
Asif İbrahimov əlavə edib ki, özü zəncirvari şəkildə insanları inandırmağa çalışır ki, “mən bunu seçdim, bu işi həyata keçirdim, varlandım”:
“İnsanlar da oturub baxırlar ki, bu şəxs “TikTok”da yaxşı həyat səviyyəsi sürürsə, bu, hardansa varlanıb. Belə hallarda gənclər xüsusi hədəfə çevrilirlər. Yəni bu məsələdə ən böyük risk qruplarından biri gənclərdir.
Çünki gəncə “diplom lazım deyil, işləməyə ehtiyac yoxdur, maaşla heç vaxt varlanmayacaqsan, telefonda gündə 500 manat qazana bilərsən” deyiləndə, sadəcə reklam olunmur, artıq onun beyninə oturur ki, insan nəyə ehtiyac var diploma, nəyə ehtiyac var işləməyə? Telefonla gündə 500 manatımı qazanıram, bu da ayda 15 000 manat vəsait edir. Bu nəyimə çatmır?
Bu, onun birbaşa iqtisadi davranışına təsir edən mesajdır. Biz gənclərə sürətli varlanmaq illüziyası aşılamamalıyıq və belə illüziya aşılayanlarla da mübarizə aparmalıyıq. Konkret olaraq gənclərə əmək, sahibkarlıq, gələcəkdə hansısa biznesi qurmaq, investisiya, risk və maliyyə məsuliyyəti haqqında real biliklər aşılanmalıdır. Yəni maliyyə savadlılığının məktəbdən başlayaraq daha ciddi şəkildə tədris edilməlidir. Çünki vətəndaşı fırıldaqçılıqdan qorumağın ən gözəl yolu ideal qanunvericilik, nəzarət mexanizmləri və vaxtında, lazımi formada savadlılığın, maarifləndirmənin artırılmasıdır.
Ümumiyyətlə, asan qazancdan insanlar çox istifadə edirlər, amma asan qazanc iqtisadiyyatın modeli deyil. Əsl biznesdə məhsul var, gözünlə görürsən, xidmət var, əmək var, müştəri var, xərc var, risk var, rəqabət var. Gəlir də bunların nəticəsində formalaşır. Əgər bir sistemdə bunların heç biri yoxdursa, amma yalnız “pul qoy və daha çox pul götür” prinsipi varsa, onda ilk növbədə həmin sistemin iqtisadi əsası birbaşa olaraq sorğulanmalıdır. Vətəndaş ümumiyyətlə yatırdığı vəsaitin hara getdiyi, necə xərclənəcəyi və hansı alqoritmlə buna gəlir gətirəcəyi ilə bağlı detallı məlumat almalıdır”.


