Ağdam rayonunun Quzanlı qəsəbəsində 30 ildir sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşın obyektinin taleyi ilə bağlı mübahisəli vəziyyət yaranıb.
Sahibkarın sözlərinə görə, bir müddət əvvəl icra hakimiyyəti başçısının müavinləri ona yaxınlaşaraq prospektdə abadlıq işlərinin aparıldığını və obyektin xarici görünüşünün yenilənməsinin tələb olunduğunu bildiriblər. O da deyilənlərə əməl edərək obyektin xarici görünüşünü yeniləyib, plastik qapı-pəncərə quraşdırıb və bunun üçün təxminən 4 min manat xərc çəkib.
Lakin iddiaya görə, cəmi iki gün sonra icra başçısının müavinləri yenidən sahibkarın yanına gələrək başçının obyektin görünüşündən narazı qaldığını və yeni quraşdırılan konstruksiyanın sökülməli olduğunu bildiriblər.
Sahibkar isə konstruksiyanın sökülməsi tələb olunursa, bunu özlərinin edə biləcəyini deyib. Bundan sonra, onun iddiasına görə, obyektin həmin vəziyyətdə saxlanılması qarşılığında əvvəlcə 5 min, daha sonra isə 3 min manat məbləğində pul tələb olunub.
Sahibkar bu tələblə razılaşmayıb və vəziyyətin daha da gərginləşməməsi üçün yeni quraşdırdığı konstruksiyanı özü sökərək yerə qoyub.
Bununla belə, sahibkarın sözlərinə görə, bütün aidiyyəti qurumların nümayəndələri obyektə gələrək onun ümumiyyətlə sökülməli olduğunu bildiriblər. Sahibkar isə obyekt və ərazi ilə bağlı qanuni sənədləri təqdim etdikdən sonra qurumların nümayəndələri ərazini tərk ediblər.
İddiaya görə, buna baxmayaraq, icra hakimiyyəti tərəfindən obyektin sökülməsi ilə bağlı tələb davam etdirilib. Sahibkara icra nümayəndəsi vasitəsilə bildiriş təqdim olunub və obyektin üç gün ərzində sökülməsi bildirilib.
Məsələnin diqqətçəkən tərəfi isə sahibkarın obyektin yerləşdiyi əraziyə dair mülkiyyət sənədinin-çıxarışın onun adına olduğunu bildirməsidir. Sahibkar həmçinin vergilərini vaxtında ödədiyini və fəaliyyətinin qanun çərçivəsində həyata keçirildiyini deyir. Onun sözlərinə görə, məsələ ilə bağlı müraciət etdiyi dövlət qurumlarından isə konkret dəstək ala bilməyib və hər bir qurum məsələnin öz səlahiyyətində olmadığını bildirib.
Məsələ ilə bağlı Azərbaycan Respublikası Ağdam Rayon İcra HakimiyyətindənDemokrat.az-ın sorğusuna cavab verilib.

Qurumdan bildirilib ki, Ağdam rayonunun Quzanlı qəsəbəsi, Heydər Əliyev prospektində yerləşən və Şükürov Elməddin Nəsir oğluna məxsus ət satışı və kəsimi obyekti ilə bağlı araşdırma aparılıb və obyektə yerində baxış keçirilib:
“Araşdırma zamanı obyektin sanitar-gigiyenik, şəhərsalma və memarlıq tələblərinə tam cavab vermədiyi müəyyən edilib, sahibkarla profilaktik söhbət aparılaraq mövcud nöqsanların aradan qaldırılması tövsiyə edilib. Bununla əlaqədar aidiyyəti qurumların iştirakı ilə standartlara cavab verməyən metal konstruksiyadan ibarət tikili sökülüb. Eyni zamanda, sahibkar tərəfindən öz vəsaiti hesabına müasir tələblərə uyğun yeni obyekt inşa edilib. Müraciətdə qeyd olunan və vətəndaşdan pul vəsaiti tələb edilməsi ilə bağlı iddialar araşdırılıb, həmin məlumatların öz təsdiqini tapmadığı və həqiqəti əks etdirmədiyi müəyyən olub.
Qeyd edirik ki, rayon mərkəzində həyata keçirilən abadlıq və yenidənqurma işləri “Şəhərsalma və Memarlıq İli” çərçivəsində şəhərsalma və memarlıq normalarına cavab verməyən tikili və qurğuların müasir standartlara uyğunlaşdırılması məqsədilə həyata keçirilib. Görülən bütün tədbirlər qanunvericiliyin tələblərinə uyğun, şəffaflıq və bərabər yanaşma prinsipləri əsasında icra edilib”.


