Evdə hazırlanan pizzanın dadını restoran səviyyəsinə çatdırmaq üçün əsas məqamlardan biri xəmirin düzgün hazırlanmasıdır. İtalyan üsulunda xəmirin tərkibində suyun miqdarı nisbətən çox olur. Bu isə pizzanın kənarlarının yüngül, içinin isə yumşaq və hava qabarcıqları ilə zəngin olmasına kömək edir.
Demokrat.az evdə İtalyan üsulu pizza hazırlamaq istəyənlər üçün xəmirin reseptini təqdim edir.
Lazım olan ərzaqlar: 1 kq pizza unu (00 növü) 700 ml su Yarım çay qaşığı quru maya 5 çay qaşığı duz Bir qədər manna yarması Hazırlanması:
Əvvəlcə suya bir qədər un, quru maya və duz əlavə edib qarışdırın. Daha sonra qalan unu tədricən əlavə edərək xəmiri yoğurun. Xəmir hamar və elastik olduqda kündələrə bölün.
Kündələri qaba yerləşdirib üzərini örtün və 16-24 saat soyuducuda saxlayın. Uzun müddət mayalanma xəmirin daha ətirli və ləzzətli olmasına kömək edir.
Pizzanı hazırlamazdan təxminən 4 saat əvvəl kündələri soyuducudan çıxarın. Xəmiri açarkən oxlovdan istifadə etməyin. Əllərinizlə mərkəzdən kənarlara doğru ehtiyatla yayaraq xəmirin kənarlarında hava qabarcıqlarının qalmasına çalışın.
Hazır xəmirin üzərinə pomidor sousu, reyhan və suyu yaxşı süzülmüş mozzarella pendiri əlavə edin.
Pizza sobasını əvvəlcədən 350 dərəcəyədək qızdırın və pizzanı təxminən 1-2 dəqiqə bişirin.
Pizzanın əsas sirri
Mozzarella pendirini bişirməzdən 15-20 dəqiqə əvvəl doğrayıb süzgəcdə saxlayın. Artıq suyu süzülən pendir pizzanın üzərində daha yaxşı bişəcək və xəmirin ortasının sulu qalmasının qarşısını alacaq.
Jalə Demokrat.az


