Siyasət Özəl

Elman Nəsirov: 2026-cı il sülh müqaviləsi üçün etimad ili ola bilər

Elman Nəsirov: 2026-cı il sülh müqaviləsi üçün etimad ili ola bilər

“2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış tarixi sülh razılaşmalarından düz bir il ötür və bu müddət ərzində sülh prosesinin öz məntiqi sonluğuna çatması istiqamətində çox ciddi irəliləyişlər əldə edilib. İlk növbədə paraflanmış sülh müqaviləsi artıq mövcuddur. Artıq onun mövcudluğunu real sülhə çevirmək istiqamətində, ilk növbədə, Azərbaycan və Ermənistan dövlətləri, xalqları arasında etimad mühitinin formalaşması istiqamətində ciddi addımlar atılıb. Artıq bir ilə yaxındır ki, hər iki dövlət və xalq sülhün nə olduğunu əməli şəkildə öz fəaliyyətində hiss edir, sülh şəraitində yaşayır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında deputat Elman Nəsirov deyib.

Onun sözlərinə görə, vətəndaş cəmiyyəti institutları arasında təmaslar başlanıb. Kövrək formada da olsa, iqtisadi əlaqələrin əsasları qurulmaqdadır. Azərbaycandan Ermənistana neft məhsulları göndərilir:

“Eyni zamanda, dövlət başçıları səviyyəsində, xarici işlər nazirləri səviyyəsində, parlament rəhbərləri səviyyəsində təmasların qurulması və irəli aparılması istiqamətində razılaşmalar mövcuddur və bu istiqamətdə müəyyən addımlar atılıb. İstisna deyil ki, gələcəkdə hər iki dövlətin parlamentariləri arasında birbaşa təmaslar qurulsun. Bütün bunlar etimad mühitinin bəhrəsidir və etimad mühiti nə qədər möhkəmlənərsə, bu, nəticə etibarilə sülh müqaviləsinin imzalanması üçün münbit şərait yaradacaq.

Əslində, bu gün sülh prosesinə mane ola biləcək əsas səbəb Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı bəndin saxlanılmasıdır. Son məlumatlara görə, Ermənistanın yeni Konstitusiyası artıq hazırlanır və bu ilin sonunda onun dərc olunması, müzakirəyə çıxarılması gözlənilir. Belə olan vəziyyətdə ilin sonu və 2027-ci ilin əvvəlində Ermənistanda referendum keçirilə bilər və nəticədə sülh müqaviləsinin imzalanmasına mane ola biləcək əsas amil də aradan qaldırıla bilər.

Bu halda ikitərəfli münasibətlərdə yeni səhifə açılır, sülh müqaviləsinin imzalanması labüd prosesə çevrilir və de-fakto biz sülh şəraitində yaşayırıq. Bunun de-yure şəkildə də təsbit olunması regiona uzunmüddətli və dayanıqlı sülh gətirmiş olar.

Proseslər müsbət istiqamətdə cərəyan etməkdədir. Xüsusilə də Ruben Rubinyanın Ermənistan parlamentinin sədri seçilməsi diqqət çəkir. O, Türkiyə ilə əlaqələrin qurulmasında əsas simalardan biridir və bu prosesdə xüsusi nümayəndə kimi çıxış edir. Eyni zamanda, sülh prosesinə loyal mövqeyi və bu istiqamətə töhfə vermək mövqeyi ilə onun çıxışları yadda qalıb.

Belə olan vəziyyətdə Ermənistanın Baş naziri Paşinyan sülh prosesi ilə bağlı konkret mövqe ortaya qoyur, parlamentin spikeri də eyni siyasəti qanunvericilik təşəbbüsləri səviyyəsində reallaşdırarsa, hesab edirəm ki, sülh müqaviləsinin imzalanması yolunda bütün əngəllər aradan qalxmış olar və bunun üçün münbit şərait yaranar.

Bu baxımdan, 2026-cı il sülh müqaviləsinin imzalanması üçün güclü etimad mühitinin formalaşdığı il kimi yadda qala bilər, 2027-ci ildə isə sülh müqaviləsi imzalana bilər”.

Xatırladaq ki, 2025-ci il avqustun 8-də ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh prosesinə dair Birgə Bəyannamə imzalanıb. Eyni zamanda, iki ölkə arasında münasibətlərin normallaşdırılması və regional əməkdaşlığın inkişafı ilə bağlı bir sıra sənədlər əldə olunub.

Vaşinqtonda keçirilən görüş və imzalanan sənədlər Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətində mühüm addım kimi qiymətləndirilir. Ötən bir il ərzində Bakı sülh gündəliyini davam etdirərək, regionda yeni siyasi və iqtisadi reallıqların formalaşmasına yönəlmiş təşəbbüslər irəli sürüb.

Nuray Paşşanlı

D
demokrat.az