Gəncə şəhərində 33 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Gəncə şəhərinin Cavadxan qəsəbəsində baş verib. 1993-cü il təvəllüdlü Elsevər həyat yoldaşı Afaqla (adlar şərtidir – red.) mübahisə edib.
Belə ki, o, həmin gün gecə saat 22 radələrində sərxoş vəziyyətdə qeyri-rəsmi nikahda yaşadığı Afaqla birlikdə yaşadıqları evə gəlib.
Bu zaman Elsevər aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sağ ayağı ilə Afaqın sağ sağrı nahiyəsinə bir təpik zərbəsi vurub. Nəticədə ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
İş üzrə ifadə verən Elsevər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, həmin gün axşam saatlarında sərxoş vəziyyətdə evə gəlib:
“Həmin vaxt evdə hər bir ailədə olduğu kimi spirtli içki qəbul etməyim səbəbindən arvadımla aramızda mübahisə yarandı. Mübahisə zamanı Afaqı vurdum. Lakin sərxoş olduğumdan Afaqın bədəninin hansı nahiyəsinə vurduğumu xatırlamıram”.
Təqsirləndirilən şəxs ifadəsində törətdiyi əməldən peşman olduğunu, zərərçəkmişlə barışdığını, dəymiş ziyanı ödədiyini, zərərçəkmişin ona qarşı şikayətinin və tələbinin olmadığını bildirib.
Gəncə Şəhər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunub.


