Siyəzəndə iki qardaş arasında baş verən mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu il fevralın 8-də Siyəzən şəhərinin H.Talıbov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində baş verib.
1987-ci il təvəllüdlü Əbil Əbilov həmin gün saat 21:00 radələrində qardaşı Fəridlə aralarında yaranmış mübahisə zamanı onun sol gicgah nahiyəsinə yumruqla, sol ayağına isə təpiklə bir neçə dəfə zərbə vurub. O, qardaşını döyərək ona müxtəlif xəsarətlər yetirib.
Əbilə Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Əbil elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, fevralın 8-də yaşadığı evə sərxoş vəziyyətdə gəlib və həmin vaxt həyat yoldaşı ilə arasında mübahisə yaranıb:
“Həmin vaxt qardaşım Fərid mənə yaxınlaşaraq içkili olduğumu bildirdi və ‘Get başını qoy yat’ dedi. Mən də içkili olduğum üçün qardaşımın baş nahiyəsinə iki dəfə yumruqla, sol ayağına isə təpiklə vurdum. Onu döysəm də, növbəti gün əməlimdən peşman oldum.”
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, zərərçəkmişlə eyni evdə yaşayır və artıq barışıblar. O, zərərçəkmişin ona qarşı heç bir şikayəti və tələbi olmadığını, himayəsində bir azyaşlı övladının olduğunu da qeyd edib.
Siyəzən Rayon Məhkəməsinin hökmü ilə Əbil hər ay qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.


