Dünya Özəl

İrəvanın Qərbə meyllənməsi iqtisadiyyata zərbə vurur — Açıqlama

İrəvanın Qərbə meyllənməsi iqtisadiyyata zərbə vurur — Açıqlama

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi kəskin şəkildə azalaraq ötən illə müqayisədə üçdə iki hissəyədək kiçilib. Oqeyd edib ki, Avrasiya İqtisadi İttifaqı ilə Ermənistan arasındakı münasibətlərdə yaranan bu vəziyyət gözlənilən idi və Rusiya tərəfi son 3-4 ildə bu barədə İrəvana xəbərdarlıq edib.

Tərəflər arasında yaranan bu vəziyyət münasibətlərin pozulmasının əlaməti ola bilərmi?

Siyasi şərhçi Çingiz Şahbazi Demokrat.az-a açıqlamasında bildirib ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçukun Ermənistanla bağlı son açıqlamasını Moskvanın son iki ildə səsləndirdiyi xəbərdarlıqların davamı kimi qiymətləndirmək olar:

İrəvanın Qərbə meyllənməsi iqtisadiyyata zərbə vurur — Açıqlama

“Rusiya rəsmiləri uzun müddətdir bildirirlər ki, Ermənistanın Avropa İttifaqına yaxınlaşması və Avrasiya İqtisadi İttifaqından uzaqlaşması iqtisadi əlaqələrə ciddi təsir göstərəcək. Bu baxımdan, Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin həcminin kəskin azalması təkcə siyasi səbəblərdən qaynaqlanmır. Ermənistan vasitəsilə Rusiyaya yönələn təkrar ixrac, xüsusilə də qiymətli metalların və digər malların ixracı da xeyli azalıb. Bu da iki ölkə arasında ticarət statistikasına ciddi təsir göstərən amillərdən biridir. Rusiya eyni zamanda Ermənistan mallarına müxtəlif məhdudiyyətlər tətbiq edib. Kənd təsərrüfatı məhsullarına qoyulan qadağalar və digər iqtisadi təzyiq mexanizmləri də münasibətlərdəki gərginliyi daha da artırıb. Əlbəttə ki, Moskva bütün bunları Ermənistanın Avropa İttifaqına inteqrasiya kursu ilə əlaqələndirir, bunu öz geosiyasi maraqlarına zidd hesab edir və iqtisadi rıçaqlarla bunun qarşısını almağa çalışır”.

Çingiz Şahbazi Ermənistan tərəfinin hələ də bir çox iqtisadi sahələrdə Rusiyadan asılı vəziyyətdə olduğunu söyləyib:

“Xüsusilə qaz təchizatı və bəzi strateji infrastruktur sahələrində Rusiyadan əhəmiyyətli dərəcədə asılıdır. Rusiya, payı azalsa da, Ermənistanın əsas iqtisadi tərəfdaşı olaraq qalır. Ermənistan isə sürətlə Avropa İttifaqı və ABŞ ilə siyasi və iqtisadi əlaqələrini genişləndirməyə çalışır. Bu baxımdan hesab edirəm ki, Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmaq və ya Avropa İttifaqına üzvlük istiqamətində hüquqi baxımdan konkret addımlar atmağa başlayarsa, Moskva daha sərt cavab verə bilər.

Düşünürəm ki, Moskvanın iqtisadi tədbirləri bu səbəbdən Ermənistan üçün son dərəcə ağır nəticələr doğuracaq. Enerji güzəştlərinin ləğv edilməsi, yeni ticarət məhdudiyyətlərinin tətbiqi və investisiya axınının azalması bu istiqamətdə Ermənistana ciddi təsir göstərəcək. Hazırda iki ölkə arasında münasibətlərdə indiyədək görünməmiş dərəcədə ciddi problemlər yaşanır. Bununla belə, qarşılıqlı iqtisadi asılılıq və regional təhlükəsizlik amilləri səbəbindən yaxın müddətdə tam diplomatik və iqtisadi qopma ehtimalı aşağıdır”.

Fidan Hacızadə

D
demokrat.az