Yay aylarında qış tədarükü hazırlayan evdar qadınlar üçün pomidor konservləri ən məşhur seçimlərdən biridir.
Demokrat.az 1 litrlik banka üçün hazırlanmış üç fərqli pomidor konservi resepti təqdim edir.
Sarımsaqlı "qar altında" pomidor
Sarımsaq bankanın dibində ağ təbəqə əmələ gətirdiyi üçün pomidorlar sanki qarla örtülmüş kimi görünür. Bu üsul konservə həm fərqli görünüş, həm də özünəməxsus dad verir.
İnqrediyentlər:
* 600 qram kiçik pomidor * 2 xörək qaşığı duz * 1,5 xörək qaşığı şəkər * 3 diş sarımsaq * 1 xörək qaşığı 9%-li sirkə
Hazırlanması:
Pomidorları yuyun, zədələnmişlərini ayırın. Banka və qapaqları əvvəlcədən sterilizasiya edin.
Pomidorları bankaya sıx şəkildə düzün, üzərinə qaynar su tökün, qapağı bağlayın və 20 dəqiqə saxlayın. Sonra suyu qazana boşaldın.
Marinadın hər litrinə 2 xörək qaşığı duz və 1,5 xörək qaşığı şəkər əlavə edib qaynadın.
Əzilmiş sarımsağı pomidorların üzərinə əlavə edin, 1 xörək qaşığı sirkə tökün, sonra qaynar marinadı bankaya doldurun və qapağı möhkəm bağlayın. Bankanı tərs çevirib dəsmala bükərək soyumağa qoyun.
Təbii pomidor konservi (sirkəsiz)
Öz şirəsində hazırlanan bu resept pomidorun təbii dadını qoruyur və sirkədən istifadə olunmur.
İnqrediyentlər:
* 450–550 qram kiçik pomidor * 600 qram yetişmiş iri pomidor * 1 çay qaşığı duz * 1 çay qaşığı şəkər * 1 dəfnə yarpağı * Bir neçə dənə qara istiot
Hazırlanması:
Kiçik pomidorları yuyun, diş çöpü ilə bir neçə yerdən deşərək bankaya yerləşdirin.
İri pomidorları blenderdə püre halına salın. Hər litr püre üçün duz, şəkər, dəfnə yarpağı və istiot əlavə edib qaynadın, sonra zəif odda 5–7 dəqiqə bişirin.
Hazır pomidor şirəsini bankadakı pomidorların üzərinə tökün. Bankanı dibinə dəsmal sərilmiş qazanda su hamamında 15–20 dəqiqə sterilizasiya edin. Daha sonra qapağı bağlayıb sərin yerdə saxlayın.
Yerkökü yarpağı ilə pomidor konservi
Yerkökünün yaşıl yarpaqları pomidora yüngül ətir və fərqli dad verir.
İnqrediyentlər:
* 700 qram bərk yetişmiş pomidor * 3–4 budaq yerkökü yarpağı * 1 xörək qaşığı duz * 1,5 xörək qaşığı şəkər * 1 xörək qaşığı 9%-li sirkə
Hazırlanması:
Sterilizasiya olunmuş bankaya diş çöpü ilə deşilmiş pomidorları və yerkökü yarpaqlarını yerləşdirin.
Üzərinə qaynar su töküb 15–20 dəqiqə saxlayın. Sonra suyu qazana boşaldın, duz, şəkər və sirkə əlavə edib qaynadın.
Hazır marinadı yenidən bankaya tökün, qapağı möhkəm bağlayın və sərin, qaranlıq yerdə saxlayın.
Jalə Demokrat.az


