Sosial Özəl

"Son illərdə yas mərasimləri müəyyən mənada kommersiyalaşıb"

Son illərdə yas mərasimləri müəyyən mənada kommersiyalaşıb

Yaxınını itirmək insan üçün ağır emosional sınaq olmaqla yanaşı, bəzi hallarda ailələr qarşısında əlavə maddi məsuliyyət də yaradır. Dəfn mərasimlərinin təşkili zamanı yaranan ödənişlər, bu proseslə bağlı cəmiyyətdə formalaşmış ənənələr və sosial gözləntilər ailələrin maliyyə imkanlarına təsir edən amillər sırasında yer alır.

Belə mərasimlər zamanı yaranan xərclərin ailələrə sosial və iqtisadi təsiri necə qiymətləndirilə bilər? İnsanların ağır itki yaşadığı dövrdə bu məsrəflər ailələrin maddi vəziyyətinə və psixoloji durumuna hansı təsirləri göstərə bilər?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən kulturoloq Aydınxan Əbilov bildirib ki, insanlar qədim dövrlərdən bəri hər zaman qara gün ehtiyatı üçün, yəni öz dəfni ilə bağlı müəyyən məbləğdə pul, qızıl və ya zinət əşyaları ehtiyatda saxlayıblar.

Onun sözlərinə görə, hətta İslam dinində də bununla bağlı müəyyən tövsiyələr mövcuddur:

“Belə ki, insanın ağ kəfənlik parçasının hazır olması tövsiyə edilir. Bəzi dini rəvayətlərdə isə qeyd olunur ki, insan qəfil, uzaq və ya yad bir ölkədə vəfat edərsə, həmin parça onun kəfəni kimi istifadə oluna bilər. Eyni zamanda, bəzi rəvayətlərdə dəfn zamanı zəhmət çəkən şəxslərə hədiyyə verilməsinin savab əməl olduğu bildirilir.

İnsanlar necə ki, toy etmək, ev və ya avtomobil almaq üçün əvvəlcədən vəsait toplayırlar, eləcə də dəfn xərclərini müəyyən qədər əvvəlcədən planlaşdıra bilərlər. Nəzərə almaq lazımdır ki, dəfn mərasimi ilə bağlı yuyulma, qəbir yerinin hazırlanması, qəbir qazılması, dini mərasimin təşkili və digər xidmətlər müəyyən maliyyə vəsaiti tələb edir. Bundan əlavə, yas mərasimi, 40 mərasimi, il mərasimi və digər dini ənənələrin keçirilməsi də əlavə xərclər yaradır.

Bu barədə əvvəlcədən düşünməyən insanlar vəfat etdikdən sonra ailələri üçün ciddi maliyyə yükü yaratmış olurlar. Ona görə də bu mövzu ilə bağlı müxtəlif fikirlər səslənsə də, əsas məsələ ondan ibarətdir ki, insanlar bu məsələyə əvvəlcədən hazırlaşmalı və mümkün qədər planlı yanaşmalıdırlar”.

Bununla yanaşı, yeddi mərasimi və digər əlavə mərasimlər keçirilmir. Yalnız 40 mərasimi və il mərasimində müəyyən dəstək göstərilir. Bu təcrübə ailələrin maddi yükünün azalmasına kömək edir.

Əvvəllər yaxınını itirən ailələr daha böyük çətinliklərlə üzləşirdilər. Yas çadırının qurulması, ehsan süfrəsinin hazırlanması, gələn qonaqların qarşılanması, gündə bir neçə dəfə çay süfrəsinin təşkil olunması, müxtəlif yeməklərin, plovun, ət məhsullarının, salatların, göyərtilərin, şirniyyatların, meyvələrin və içkilərin təqdim edilməsi ailələr üçün böyük maliyyə yükü yaradırdı. Bu gün də həmin xərclər kifayət qədər yüksəkdir. Xüsusilə gənc insanların qəfil vəfatı zamanı ailələr həm mənəvi, həm də maddi baxımdan ağır vəziyyətlə üzləşirlər.

Bəzi ölkələrdə bu problem daha fərqli üsullarla həll edilir. Məsələn, Rusiyada övladları olmayan və ya yaxınları tərəfindən baxımsız qalan yaşlı insanlar yaşadıqları evi notariat qaydasında dəfn xidməti göstərən şirkətə vəsiyyət edə bilirlər. Əvəzində həmin şirkət onların xəstəlik dövründə göstərilən xidmətləri və vəfat etdikdən sonra dəfn xərclərini öz üzərinə götürür.

Avropanın bir sıra ölkələrində isə yaşlılar üçün xüsusi qayğı müəssisələri fəaliyyət göstərir. Yaşlı insanlar aldıqları pensiyanın müəyyən hissəsini həmin müəssisələrə ödəyir və ya əmlaklarını onlara bağışlayırlar. Bunun müqabilində isə onlara həkim, tibb bacısı, psixoloq, masajçı və digər mütəxəssislərin iştirakı ilə daimi qulluq göstərilir”.

Kulturoloq vurğulayıb ki, son illərdə Azərbaycanda da müəyyən alternativ modellər tətbiq olunur:

“Məsələn, Lənkəranın bəzi kəndlərində və respublikanın müxtəlif bölgələrində dini icmalar hər təsərrüfatdan ildə 25–30 manat vəsait toplayırlar. Həmin icmanın üzvlərindən biri vəfat etdikdə isə üç günlük yas mərasimi üçün çadır, qab-qacaq, qəbrin qazılması, dini xidmətlər və digər əsas xərclər həmin vəsait hesabına qarşılanır. Bununla yanaşı, yeddi mərasimi və digər əlavə mərasimlər keçirilmir. Yalnız 40 mərasimi və il mərasimində müəyyən dəstək göstərilir. Bu təcrübə ailələrin maddi yükünün azalmasına kömək edir.

Əvvəllər isə daha fərqli ənənələr mövcud idi. Məsələn, 1970-ci illərdə cənub bölgəsində hər hansı bir şəxs vəfat etdikdə, uzaqdan gələn qohum və qonaqlar üçün ehsanı əsasən məhəllə sakinləri hazırlayırdılar. Adətən sadə süfrə açılır, plov, ayran, şərbət və süd məhsulları təqdim olunurdu. Bu həmrəylik nümunəsi idi, həm də yas sahibi olan ailənin yükünü azaldırdı.

Lakin son illərdə yas mərasimləri müəyyən mənada kommersiyalaşıb. Qəbir yerləri, başdaşları, yas çadırları, masa və stulların kirayəsi, qab-qacaq, mərasim evləri, yemək xidmətləri, ofisiantlar, aşpazlar, çay süfrəsi, dini mərasimləri aparan şəxslər və digər xidmətlər artıq ayrıca xidmət sahəsinə çevrilib. Bütün bunlar isə əlavə maliyyə xərcləri yaradır.

Bu baxımdan vətəndaşlar əvvəlcədən müəyyən maliyyə ehtiyatı yarada, bank hesabında vəsait toplaya və ya gələcəkdə yaradılması mümkün olan dəfn və ya yas fondlarına üzv ola bilərlər. Belə fondlar notariat qaydasında rəsmiləşdirilərsə, vəfat zamanı həmin vəsait ailənin istifadəsinə verilə bilər. Bundan əlavə, dövlət tərəfindən ödənilən dəfn müavinəti də bu xərclərin bir hissəsinin qarşılanmasına kömək edir.

Bütün bunları nəzərə alaraq hesab edirəm ki, yas mərasimlərinin daha sadə formada təşkili məqsədəuyğun olardı. Bu, həm maddi, həm mənəvi, həm də psixoloji baxımdan ailələrin yükünü azaldar. Süfrələrin həddindən artıq zəngin hazırlanmasına ehtiyac yoxdur. Daha sadə və minimal xərclərlə təşkil olunan vida mərasimləri həm ailələr üçün əlverişli olar, həm də yasın mahiyyətinə daha uyğun gələr.

Digər bir variant isə insanların əvvəlcədən bank hesabında müəyyən məbləğdə vəsait toplaması və həmin vəsaitdən, o cümlədən hesablanmış faiz gəlirləri ilə birlikdə, gələcəkdə dəfn xərclərinin ödənilməsi üçün istifadə edilməsidir. Bu, həm ailənin üzərinə düşən maddi yükü azaldar, həm də insanın öz yaxınları qarşısında əvvəlcədən məsuliyyətli davranış nümunəsi olar.

Qeyd etmək lazımdır ki, son illərdə yas mərasimlərinin təşkili əvvəlki dövrlərlə müqayisədə xeyli dəyişib. Əgər əvvəllər bu mərasimlər daha çox ailə üzvlərinin, qohumların və qonşuların dəstəyi ilə keçirilirdisə, indi bu sahə müəyyən mənada kommersiyalaşıb. Bu gün qəbir yerləri, başdaşlarının hazırlanması, yas çadırlarının qurulması, masa və stulların kirayəsi, qab-qacaq, mərasim evləri, yemək hazırlanması, ofisiant xidməti, çay süfrəsi, dini mərasimləri idarə edən şəxslər və digər xidmətlər ayrıca biznes sahəsinə çevrilib. Təbii ki, bütün bunlar əlavə maliyyə xərcləri yaradır.

Bu səbəbdən vətəndaşlar özlərini bir neçə formada maliyyə baxımından sığortalaya bilərlər. Məsələn, gələcəkdə dəfn xərcləri üçün əvvəlcədən müəyyən məbləğdə vəsait toplamaq mümkündür. Digər variant isə xüsusi dəfn və ya yas fondlarının yaradılması ola bilər. Belə fondlar notariat qaydasında rəsmiləşdirilərsə, insanlar əvvəlcədən həmin fonda vəsait köçürə, vəfat etdikdən sonra isə bu vəsait onların yaxınlarının istifadəsinə verilə bilər.

Unutmaq olmaz ki, dövlət də vətəndaşlara dəfn müavinəti ödəyir. Bu vəsait pensiya alan şəxslər üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada hesablanır və dəfn xərclərinin müəyyən hissəsinin ödənilməsinə kömək edir. Əgər əvvəlcədən toplanmış şəxsi vəsaitlə dövlətin ödədiyi dəfn müavinəti birləşdirilərsə, mərasimin ailəyə əlavə maliyyə yükü yaratmadan təşkili daha asan olar.

Digər vacib məsələ isə yas mərasimlərinə münasibətin dəyişməsidir. Təəssüf ki, bəzi hallarda yas mərasimləri öz mahiyyətindən uzaqlaşaraq daha çox qonaqlıq xarakteri almağa başlayıb. Halbuki belə mərasimlərin əsas məqsədi dünyasını dəyişən şəxsin xatirəsini yad etmək, ailəyə mənəvi dəstək göstərmək və onların acısını bölüşməkdir.

Şəxsi müşahidələrim də göstərir ki, bəzən insanlar yas evinə daha çox sosiallaşmaq üçün gəlirlər. Çay süfrəsi ətrafında uzun söhbətlər edilir, hər cümə günü və digər mərasimlərdə yenidən geniş ehsan süfrələri açılır. Halbuki bütün bunlar yas sahibi olan ailə üçün əlavə maliyyə yükü yaradır. Xüsusilə 40 mərasiminə qədər hər cümə günü ehsan verilməsi, müxtəlif yeməklərin hazırlanması və digər xərclər ailələrin büdcəsinə ciddi təsir göstərir.

Hesab edirəm ki, bu məsələyə daha rasional yanaşmaq lazımdır. Yas mərasimlərinin sadələşdirilməsi həm maddi, həm psixoloji, həm də mənəvi cəhətdən daha məqsədəuyğundur. Süfrələrin həddindən artıq zəngin hazırlanmasına ehtiyac yoxdur. Minimal xərclərlə, sadə şəkildə təşkil olunan vida mərasimləri həm ailələr üçün daha əlverişli olar, həm də yasın əsl mahiyyətinə daha uyğun gələr. Bundan başqa, insanlar əvvəlcədən bank hesabında müəyyən məbləğdə vəsait toplaya bilərlər. Həmin vəsait illər ərzində faiz gəliri də gətirər və ehtiyac yarandıqda dəfn xərclərinin qarşılanması üçün istifadə olunar. Bu, həm insanın öz məsuliyyətini əvvəlcədən planlaşdırması, həm də ailəsini gələcəkdə ağır maliyyə yükündən qoruması baxımından faydalı addım hesab edilə bilər.

Düşünürəm ki, bu istiqamətdə başqa təkliflər də müzakirə oluna bilər və nəticədə cəmiyyət üçün daha optimal model formalaşdırılar. Əsas məqsəd isə insanların yaxınlarını itirdiyi ağır günlərdə əlavə maliyyə çətinlikləri ilə üzləşməsinin qarşısını almaqdır”, - deyə kulturoloq fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az