Əmək bazarında baş verən sürətli dəyişikliklər, süni intellekt texnologiyalarının inkişafı və yeni peşələrin yaranması ali təhsilin məzmununun da davamlı şəkildə yenilənməsini zəruri edir. Bu gün universitetlər qarşısında duran əsas vəzifələrdən biri tələbələrə yalnız fundamental biliklər vermək deyil, həm də onları müasir əmək bazarının dəyişən tələblərinə uyğun bacarıqlarla hazırlamaqdır.
Hazırda universitetlərdə tədris olunan fənlər müasir dövrün tələblərini öyrədə bilir?
Demokrat.az-a mövzu ilə bağlı açıqlama verən fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib ki, müasir əmək bazarının dinamikası, xüsusilə generativ süni intellektin, rəqəmsallaşmanın və avtomatlaşdırmanın sürətli inkişafı ali təhsil sistemini tarixin ən böyük transformasiya böhranlarından biri ilə üz-üzə qoyub:
“Ümumilikdə, universitetlərin tədris etdiyi fənlərin müasir dövrün tələblərinə nə dərəcədə cavab verməsi təkcə Azərbaycan üçün deyil, bütün dünya üzrə ciddi müzakirə olunan məsələlərdəndir. Ali təhsilin mövcud məzmunu ilə əmək bazarının reallıqları arasında yaranan fərq universitetlər qarşısında həm yeni suallar, həm də yeni məsuliyyətlər yaradır. Bu, ali təhsil müəssisələrinin öz strategiyalarına yenidən baxmasını zəruri edir. İki il əvvəl həmmüəllifi olduğum və ali təhsil ictimaiyyəti üçün fundamental tədqiqat hesab etdiyim monoqrafiyamız işıq üzü gördü. Həmin tədqiqat fənlərarası münasibətlər, yeni biliklərin istehsalı və ali təhsilin gələcək inkişaf istiqamətləri ilə bağlı dünyada aparılan müzakirələrə perspektiv baxış təqdim edirdi. Biz həmin monoqrafiyada “Mövcud fənlər müasir dövrün tələblərini ödəyə bilirmi?” sualına da aydın cavab verməyə çalışmışdıq. Mövcud fənlər müasir dövrün tələblərini tam şəkildə ödəyə bilmir. Hazırkı ali təhsil proqramları və kurikulumlar əmək bazarının dəyişmə sürətinə qarşı struktur ləngliyi nümayiş etdirir. Universitet fənlərinin böyük hissəsi fundamental biliklərin verilməsi baxımından uğurlu olsa da, onların praktiki tətbiqi, eləcə də inter-, trans- və multidisiplinar yanaşmalar baxımından ciddi gerilik müşahidə olunur. İlk növbədə, bürokratik və ləng yenilənmə mexanizmini qeyd etmək lazımdır. Yeni fənlərin və proqramların hazırlanması, akkreditasiyası və təsdiqi uzun illər tələb edir. Halbuki süni intellekt alətləri və rəqəmsal texnologiyalar təxminən hər altı aydan bir ciddi şəkildə yenilənir. Kurikulumlar isə adətən 4-5 ildən bir dəyişdirilir. Nəticədə təhsil proqramları texnoloji inkişafın sürəti ilə ayaqlaşa bilmir”.
İlqar Orucov digər mühüm problemin akademik heyətin kompetensiya boşluğu olduğunu bildirib:
“Professor-müəllim heyətinin əhəmiyyətli hissəsi real sənaye mühitindən uzaqdır. Xüsusilə bizim reallığımızda bu məsafə daha qabarıq hiss olunur. Tədris əsasən nəzəri biliklər üzərində qurulur, müəllimlərin bir qismi isə ən son rəqəmsal alətlərdən və süni intellekt texnologiyalarından istifadə etmək bacarığına malik deyil. Bundan başqa, təcrid olunmuş təhsil modeli də problemlərdən biridir. Fənlər hələ də bir-birindən ayrı şəkildə tədris olunur. Məsələn, hüquq fakültəsində təhsil alan tələbələrə kiber təhlükəsizlik və süni intellekt hüququ, tibb tələbələrinə isə biotexnologiya və rəqəmsal səhiyyə istiqamətində kifayət qədər bilik verilmir. Bu mövzu mənim üçün xüsusilə doğmadır. Çünki Azərbaycanda bu istiqamətdə ilk və yeganə fundamental tədqiqatlardan birini məhz biz həyata keçirmişik. Xarici alim və mütəxəssislərlə iki il davam edən araşdırmalar zamanı dünya təcrübəsini dərindən öyrənmək imkanımız olub və bu problemlərin mahiyyətinə kifayət qədər nüfuz etmişik. Ona görə də hesab edirəm ki, bu sahədə danışılacaq və müzakirə ediləcək çox məsələ var. Problemlər bununla da bitmir. Fənlərin məzmunundakı uyğunsuzluqlar, nəzəriyyə inflyasiyası, yumşaq bacarıqların diqqətdən kənarda qalması və alət yönümlü təhsilin çatışmazlığı da mövcud reallıqlardır. Proqramlar köhnəlmiş nəzəri biliklərlə zəngindir. Tələbələr nəyi bilməli olduqlarını öyrənirlər, lakin həmin bilikləri real sənayedə necə tətbiq etməyi mənimsəmirlər. Universitetlər daha çox sərt bacarıqların formalaşdırılmasına üstünlük verirlər. Halbuki süni intellekt dövründə emosional zəka, tənqidi təfəkkür, çevik adaptasiya və komanda işi kimi bacarıqlar daha çox ön plana çıxır. Təəssüf ki, bu bacarıqlar fənn səviyyəsində sistemli şəkildə tədris edilmir. Məsələn, biznes idarəçiliyi ixtisasında hələ də klassik idarəetmə modelləri öyrədilir. Halbuki müasir şirkətlərin istifadə etdiyi çevik idarəetmə metodologiyaları, data analitikası və data vizuallaşdırma alətləri proqramlara kifayət qədər inteqrasiya olunmayıb”.
Sədr söyləyib ki, bütün bu problemlərə baxmayaraq, müsbət tendensiyalar da mövcuddur:
“Dünyanın qabaqcıl universitetlərinin bir qismi artıq fənləri müxtəlif platformaların sənaye sertifikatları ilə inteqrasiya edir. Google, Microsoft və digər texnologiya şirkətlərinin sertifikat proqramları tədris prosesinə daxil edilir. Həmçinin əsas ixtisas fənləri köhnə qalsa da, seçmə fənlər blokunda “Süni intellektə giriş”, “Böyük data” kimi yeni modullar təklif olunur. Ali təhsilin məzmununun yenilənməsi üçün bir sıra strateji addımlar atılmalıdır. İlk olaraq, fənlərin məzmunu 70/30 modeli üzrə qurula bilər. Fənnin 70 faizi fundamental və uzunmüddətli əhəmiyyətini qoruyan elmi biliklərdən, 30 faizi isə hər il sənayenin tələblərinə uyğun yenilənən dinamik məzmundan ibarət olmalıdır. Bundan əlavə, süni intellektin kross-kurikulum inteqrasiyası vacibdir. Süni intellekt ayrıca bir fənn kimi deyil, bütün fənlərin daxilində köməkçi alət və iş metodu kimi öyrədilməlidir. Eyni zamanda sənaye inteqrasiyalı fənlərə daha geniş yer verilməlidir. Fənlərin sillabusları aparıcı şirkətlərin ekspertləri ilə birlikdə hazırlanmalı, dərs saatlarının müəyyən hissəsi isə birbaşa sənaye mütəxəssisləri tərəfindən keçirilməlidir. Dünyanın qabaqcıl ali təhsil sistemlərində tətbiq olunan dual təhsil modeli artıq bunun uğurlu nümunəsidir. Əzbərçiliyə əsaslanan klassik imtahan sistemi də mərhələli şəkildə dəyişdirilməlidir. Qiymətləndirmə real bazar problemlərinin həllinə yönəlmiş layihə əsaslı modellərlə əvəz olunmalıdır. Mən bunu Almaniyanın nüfuzlu ali məktəblərindən biri olan Berlin Texniki Universitetində də müşahidə etmişəm. Oğlum həmin universitetdə magistr təhsili alır və universitetdə olarkən tələbələrin əsasən layihə əsaslı təhsil modeli ilə işlədiyini yaxından görmək imkanım olub. Müasir universitet fənləri artıq tələbəyə ömürlük bilik verə bilməz. Çünki biliklərin yararlılıq müddəti əvvəlki dövrlərlə müqayisədə xeyli qısalıb. Elmi-texnoloji inkişafın sürəti biliklərin ömrünü azaldıb. Buna görə də universitetlərin əsas missiyası tələbələrə konkret informasiyanı əzbərlətmək deyil, onlara öyrənməyi öyrətmək, dəyişikliklərə çevik uyğunlaşma bacarığı qazandırmaq olmalıdır. Rəqəmsal transformasiyaya uyğunlaşmayan ali təhsil müəssisələri yaxın gələcəkdə rəqabətqabiliyyətli kadr hazırlamaq funksiyasını itirmək riski ilə üz-üzə qalacaqlar. Bu baxımdan universitetlər artıq indidən bu istiqamətdə ciddi düşünməli və uzunmüddətli strategiyalar formalaşdırmalıdırlar.
Təəssüf ki, Azərbaycanın əksər universitetlərində bu problem hələ də aktual olaraq qalır və ən ciddi çatışmazlıqlardan biri də məhz bu dəyişiklikləri həyata keçirəcək sistemli strategiyanın olmamasıdır”.


