Ağdaş rayonunda 38 yaşlı kişi əmisinə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qoşaqovaq kəndində baş verib. 1988-ci il təvəllüdlü Möhsüm yaşadığı evin həyətində əmisi Habil ilə aralarında şəxsi münasibətlər zəminində baş verən mübahisə və dava-dalaş zamanı onu sağ qaş nahiyəsindən bir dəfə yumruqla vurub.
İş üzrə izahat verən Möhsümün sözlərinə görə, zərərçəkmiş Habil onun doğma əmisidir:
“Əmim ilə münasibətlərim normaldır, aramızda əvvəllər heç bir mübahisə və dava-dalaş olmayıb. Əmim bizimlə qonşuluqda yaşayır. İşdə adı keçən Nübar isə bibimdir. Bibim Bakı şəhərində yaşayır. Bibim bir neçə il əvvəl bizim ailəmizə müdaxilə edərək söz-söhbət saldığına görə onunla danışmıram. Buna görə də bibim ilə heç bir münasibətim yoxdur”.
Təqsirləndirilən şəxs deyib ki, onun bildiyinə görə, əmisi Habil bibisi Nübar ilə onun ailəsi haqqında danışır, daha doğrusu, ailəsinin qeybətini edir:
“Son vaxtlar əmim Habil bizim ailəmizdə olan söz-söhbətləri bacısı Nübara danışıb. Buna görə əmim Habilə bir neçə dəfə iradımı bildirmişəm”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, məlum hadisə günü, saat 11 radələrində yaşadığı evin həyətində velosiped təmir edən zaman əmisi Habil onların həyətinə gəlib və anası Güneldən tərəzi istəyib:
“Sonra əmim Habil anam Günel ilə söhbət etməyə başladı. Həmin vaxt anamdan Habilə heç bir söz deməməsini tələb etdim. Daha sonra Habilə ailəm haqqında bacısı Nübar ilə danışaraq qeybət etməsinin və ailəmdə olan söhbətləri bibisi Nübara xəbərçilik edərək çatdırmasının səbəbini soruşdum. Habil də ailəm haqqında bacısı Nübar ilə heç bir söz danışmadığını, ailəmizin qeybətini etmədiyini söylədi. Buna görə əmim ilə aramızda mübahisə baş verdi. Mübahisə zamanı əmimə əsəbləşdim. Yaxınlaşaraq yumruqla bir dəfə onun sağ qaş nahiyəsindən vuraraq ona xəsarət yetirdim. Həmin vaxt əmimin sağ qaş nahiyəsindən qan axmağa başladı. Buna görə də anamla birlikdə əmimin yarasını bintlə bağladım, onu öz evinə yola saldıq”.
Ağdaş Rayon Məhkəməsinin hökmü ilə Möhsüm 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində Ağdaş rayonunun hüdudlarını tərk etməsi, həmçinin bu müddətdə hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməsi qadağan olunub.
Bundan başqa, onun üzərinə bu müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.


