Abşeron rayonu, Masazır qəsəbəsində ər arvadına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Masazır qəsəbəsinin Yoncalıq yaşayış massivində baş verib.
Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Famil həmin ərazidə yerləşən fərdi yaşayış evində arvadı Hürü (adlar şərtidir – red.) ilə mübahisə edib. Mübahisəyə səbəb qadının ərini qısqanması, onu digər qadınlarla ünsiyyət saxlamaqda günahlandırması olub.
Bu səbəbdən onlar arasında qısqanclıq zəminində yaranmış narazılıqla bağlı mübahisə baş verib. Mübahisə əsnasında Famil arvadının üzərinə hücum edib, qəsdən əl, yumruq və təpik zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrinə vurub. Ardınca hər iki qolundan tutaraq sıxıb, onu arxası ilə evin daş divarına çırpıb.
Familin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Famil ona verilən ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, məlum hadisə günü, saat 12 radələrində yaşadığı evdə olarkən Hürü ilə aralarında qısqanclıq zəminində mübahisə olub. Onun sözlərinə görə, mübahisə zamanı Hürünün üzünə şillə vurub, daha sonra qollarını sıxıb. O, əməlindən peşman olduğunu və zərərçəkmiş şəxslə aralarında barışıq əldə edildiyini, vurulmuş ziyanı ödədiyini, qadının ona qarşı hər hansı şikayət və tələbinin olmadığını deyib.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Familə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Bundan başqa, təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində hər gün yaşadığı Masazır qəsəbəsinin Yoncalıq yaşayış massivində yerləşən yaşayış yerini gecə saat 20:00-dan səhər saat 06:00-dək tərk etməsi qadağan olunub.
Hökmə əsasən, təqsirləndirilən şəxsə təyin olunan cəza müddəti ərzində Abşeron rayonu ərazisinin hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulub.
Bundan əlavə, ona elektron nəzarət vasitəsini üzərində gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulub.
Hökmün icrası Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilib.


