Gürcüstan hökuməti qərar verib ki, 2026-cı ildən etibarən dövlət universitetlərinə qəbul olunan tələbələrin təhsil haqqı tam şəkildə dövlət tərəfindən ödənilsin. Bu dəyişikliklə dövlət universitetlərində bakalavr və magistr pillələrində təhsil faktiki olaraq pulsuz olacaq. Yeni maliyyələşdirmə modelinə əsasən, vəsait əvvəlki kimi tələbələrə qrant şəklində deyil, birbaşa dövlət universitetlərinə ayrılacaq.
Bu qərar azərbaycanlı abituriyentlərin Gürcüstan universitetlərinə marağını artıra bilərmi?
Təhsil eksperti Əmrah Həsənli Demokrat.az-a açıqlamasında söyləyib ki, qərar Gürcüstanın daxili ali təhsil bazarını yenidən formallaşdırmağa hesablanıb:
“Hökumət illərdir tətbiq edilən vauçer (qrant) sistemini ləğv edir. Əvvəl tələbə qrantı götürüb istədiyi özəl universitetə gedə bilirdisə, indi dövlət pulları öz universitetlərində saxlayır. Məqsəd dövlət universitetlərini gücləndirmək, özəl ali məktəbləri isə sırf bazar rəqabətinə buraxmaqdır”.
Ekspert qeyd edib ki, Azərbaycandan olan abituriyentlərin marağına gəlincə, xeyr, burada heç bir kütləvi axın və ya ciddi sıçrayış gözlənilmir:
“Səbəbi də çox sadədir. Bu cür pulsuz təhsil proqramları, bir qayda olaraq, ölkə vətəndaşları üçün nəzərdə tutulur. Üstəlik, 2026-cı il islahatları ilə dövlət universitetlərinə əcnəbi tələbə qəbuluna ciddi kvotalar və məhdudiyyətlər qoyulacaq. Əcnəbilər dövlət universitetlərinə yalnız xüsusi hökumətlərarası müqavilələr və ya mübadilə proqramları ilə düşə biləcəklər. Qalan xarici tələbələr üçün əsas qapı yenə də ödənişli özəl universitetlər olaraq qalacaq. Burada incə bir məqam var.
Bu qərar Gürcüstanda yaşayan yerli soydaşlarımız (Gürcüstan vətəndaşı olan azərbaycanlılar) üçün böyük şansdır. Onların köklü ali məktəblərə axını artacaq. Lakin bilavasitə Azərbaycandan gedən abituriyentlər üçün dil baryeri və əcnəbilər üçün tətbiq edilən limitlər əsas əngəl olacaq. Yəni maraq artsa da, bu, kütləvi xarakter daşımayacaq”.


