Yapon mətbəxinin ən məşhur yeməklərindən biri olan suşini ev şəraitində hazırlamaq düşündüyünüz qədər çətin deyil. Düzgün düyü, keyfiyyətli inqrediyentlər və bir neçə sadə qaydaya əməl etməklə restorandakı dadı evdə də əldə etmək mümkündür.
Demokrat.az xəbər verir ki, suşinin əsasını xüsusi suşi düyüsü təşkil edir. Düyü əvvəlcə bir neçə dəfə yuyularaq nişastasından təmizlənir, daha sonra su ilə bişirilir. Soyuduqdan sonra isə düyü sirkəsi, şəkər və duzdan hazırlanan qarışıq mərhələli şəkildə əlavə olunaraq taxta qaşıqla ehtiyatla qarışdırılır.
İçlik üçün ən çox istifadə olunan məhsullar avokado, labne pendiri, hisə verilmiş və ya təzə somon, losos, yaşıl soğan və surimidir. Bu ərzaqlar suşi yosununun üzərinə düzülür, bambuk döşəkçənin köməyi ilə sıx şəkildə bükülərək rulon formasına salınır.
Hazır rulonun üzəri istəyə uyğun olaraq nazik doğranmış balıq filesi, krevet və ya hisə verilmiş ilan balığı ilə bəzədilə bilər. Suşinin kəsilməsi zamanı iti bıçaqdan istifadə etmək və hər kəsimdən sonra bıçağı təmizləmək tövsiyə olunur. Bu, rulonun dağılmasının qarşısını alır.
Nigiri növü suşi hazırlamaq üçün isə əllər yüngülcə isladılır, düyüdən kiçik oval forma hazırlanır və üzərinə nazik dilimlənmiş somon yerləşdirilərək yüngülcə sıxılır.
Hazırlanan suşilər ənənəvi olaraq soya sousu və vasabi ilə süfrəyə təqdim edilir. İstəyə görə üzərinə qovrulmuş küncüt də səpmək olar.
Mütəxəssislər xatırladırlar ki, çiy balıqdan istifadə ediləcəyi təqdirdə onun suşi üçün nəzərdə tutulmuş, yüksək keyfiyyətli və təhlükəsiz məhsul olmasına diqqət yetirilməlidir.
Jalə Demokrat.az


