İqtisadiyyat Özəl

Qarpızın bu il baha satılmasının səbəbi bilindi — Açıqlama

Qarpızın bu il baha satılmasının səbəbi bilindi — Açıqlama

Yayın ən çox tələbat görən məhsullarından olan qarpız bu il ötən mövsümlə müqayisədə daha yüksək qiymətə satılır. Hazırda paytaxt və bölgə bazarlarında qarpızın kiloqramı əsasən 70 qəpikdən 1 manata qədər təklif olunur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə bahalaşmanı göstərir.

Qiymət artımı həm alıcıların, həm də satıcıların diqqət mərkəzindədir. Bəs qarpızın bahalaşmasının əsas səbəbləri nələrdir, bu prosesə hansı amillər təsir göstərir və mövsümün sonuna qədər qiymətlərdə ucuzlaşma gözlənilirmi?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirib ki, ilin əvvəlində kənd təsərrüfatı məhsullarında qiymət artımı ehtimalı ilə bağlı proqnozlar verilib.

Qarpızın bu il baha satılmasının səbəbi bilindi — Açıqlama

Onun sözlərinə görə, bu, ötən ilin son günlərində dizel yanacağının qiymətində baş verən artımla əlaqəlidir:

“Son illərdə dizel yanacağının qiymətində artımlar müşahidə olunub. Ötən ilin sonunda isə bu sahədə növbəti qiymət dəyişikliyi baş verib. Dizel yanacağının qiymətindəki artım kənd təsərrüfatında istifadə olunan resurs və xidmətlərin xərclərinə təsir edir. Əkin, səpin, məhsul yığımı və daşınma işlərinin böyük hissəsi texnikanın köməyi ilə həyata keçirilir. Kənd təsərrüfatı texnikasında əsas istifadə olunan yanacaq növlərindən biri də dizel yanacağıdır. Buna görə də yanacağın qiymətindəki dəyişiklik istehsal xərclərinin artmasına səbəb olur.

Digər tərəfdən, son illərdə fermerlərin istifadə etdikləri gübrə və bitki mühafizəsi vasitələrinin qiymətlərində də artımlar qeydə alınıb. Bu amillər ümumilikdə istehsalçıların xərclərinin yüksəlməsinə gətirib çıxarır.

Bundan əlavə, bu ildən enerji xərclərində də artımlar müşahidə olunur. Sabit xərclərin yüksəlməsi fermerlərin ümumi istehsal məsrəflərinə təsir edir və nəticədə məhsulun maya dəyəri artır.

Digər tərəfdən, məhsuldarlığa təsir edən amillər də mövcuddur. Xüsusilə bəzi hallarda istifadə olunan toxum materiallarının keyfiyyəti gözlənilən nəticəni vermir. Bu da istehsal həcminə və məhsulun maya dəyərinə təsir göstərə bilər.

Ona görə də qarpızın qiymətindəki artımın iqtisadi əsasları var. Fermerlər artan istehsal xərclərini nəzərə alaraq məhsullarını daha uyğun qiymətlərlə satışa çıxarmağa çalışırlar. Əks halda istehsal xərclərinin qarşılanması çətinləşə bilər.

Hazırda qarpız bazarında qiymətlər ötən illə müqayisədə yüksək olaraq qalır. Müəyyən dövrdən sonra qiymətlərdə nisbətən azalma gözlənilir. Lakin bu azalmanın əvvəlki illərlə müqayisədə daha məhdud olacağı ehtimal edilir. Düşünürəm ki, hətta qiymətlərin ən aşağı səviyyəyə düşdüyü dövrdə belə qarpız əvvəlki illərlə müqayisədə təxminən 10–15 faiz baha qala bilər”, – deyə Vahid Məhərrəmov bildirib.

Nuray Paşşanlı

D
demokrat.az