Azərbaycanda yol-nəqliyyat hadisələri uzun illərdir aktual problemlərdən biri olaraq qalır. Yol infrastrukturunun inkişafı, nəqliyyat vasitələrinin sayının artması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində görülən işlərə baxmayaraq, baş verən qəzaların sayı və onların doğurduğu ağır nəticələr narahatlıq yaratmaqda davam edir. Bu vəziyyət yol hərəkətinin təşkili, sürücü davranışları, nəzarət mexanizmləri və yol təhlükəsizliyi sahəsində mövcud sistemli problemləri yenidən gündəmə gətirir.
Bəs yol-nəqliyyat hadisələrinin sayının yüksək olaraq qalması hansı amillərlə bağlıdır və bu statistikanın azalması üçün hansı kompleks islahatlara ehtiyac var?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, dünyanın keçdiyi bir təcrübə var.
Onun sözlərinə görə, bu gün qarşımızda duran mənzərə inkişaf etmiş və yüksək avtomobilləşmiş ölkələrdə hələ 1970-ci illərdən görünməyə başlayıb:
“1970–1980-ci illərdən etibarən onlar artıq bu məsələdə dönüş yaratmaq istiqamətində ilk addımları atıblar. Hətta 1990-cı illərdən etibarən ciddi dönüşə nail olublar. Bunun nəticəsində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin davamlı şəkildə artması, yəni qəzaların və yol-nəqliyyat hadisələrində ölənlərin sayının azalması müşahidə olunmağa başlayıb. Bu gün isə həmin ölkələr çox yaxşı göstəricilərə malikdir.
Məsələn, həmin ölkələrdən bəzilərində 1970–1980-ci illərdə hər 100 min nəfərə düşən yol-nəqliyyat hadisələri nəticəsində ölüm sayı 25–26 nəfər idi. Bu gün isə həmin ölkələrdə avtomobillərin sayı da, əhali də müəyyən qədər artsa da, hər 100 min nəfərə düşən ölüm sayı cəmi 2–3 nəfərdir. Yəni vəziyyəti təxminən 10 dəfə yaxşılaşdırıblar.
Bu nəticə onu göstərir ki, həmin tədbirləri Azərbaycanda da tətbiq etmək mümkündür. Xüsusi dövlət proqramları qəbul olunub. Həmin proqramlar əsasında çox ciddi və çoxşaxəli işlər görülüb. Qeyd etmək istəyirəm ki, bizdə də 2018-ci ildə belə bir dövlət proqramı qəbul olundu. Bu, 2019–2023-cü illəri əhatə edən 5 illik proqram idi. Lakin həmin proqram demək olar ki, icra olunmadı. Orada nəzərdə tutulan tədbirlərin yalnız cüzi bir hissəsi, o da səthi şəkildə həyata keçirildi, əksəriyyəti isə icra olunmadı. Bu gün qarşılaşdığımız problemlər də məhz bunun nəticəsidir.
Dünyanın keçdiyi yola baxsaq görərik ki, hələ 1990-cı illərdən başlayaraq BMT də qabaqcıl ölkələrin təcrübəsi əsasında müxtəlif direktivlər qəbul edib. Bu sahədə uğurlu nümunələrdən biri İsveçdə tətbiq olunan "Vision Zero" konsepsiyasıdır. Müxtəlif ölkələrdə bu konsepsiya müxtəlif adlarla tətbiq olunur. "Vision Zero", yəni "Sıfır Hədəfi" ölüm hallarını sıfıra endirməyi qarşıya məqsəd qoyur. Düzdür, hələ bu hədəfə tam nail olmayıblar. Lakin vəziyyəti ən azı 10 dəfə yaxşılaşdırıblar”.
Ekspert əlavə edib ki, BMT-nin direktivlərində də bu istiqamətlər öz əksini tapıb:
“Ən birinci istiqamət sürücü peşəkarlığının artırılmasıdır. Sürücü peşəkarlığı nə qədər yüksək olsa, sürücülərin yol hərəkəti təhlükəsizliyi ilə bağlı təsəvvürləri də bir o qədər güclü olar. Onlar idarə etdikləri mexaniki nəqliyyat vasitəsindən düzgün istifadə edilməməsinin hansı nəticələrə gətirib çıxardığını daha yaxşı bildikdə bu cür davranışlardan çəkinirlər. Sürücü hazırlığı prosesində onlara həm də öyrədilir ki, idarə etdikləri nəqliyyat vasitəsi böyük potensiala malikdir və onunla necə davranmaq lazımdır. Yəni yol hərəkəti qaydalarının yalnız necə deyil, həm də nə üçün mövcud olduğu izah edilir. Məsələn, niyə sürət həddini aşmaq olmaz, niyə müəyyən manevrlər konkret qaydada yerinə yetirilməlidir və s. Bütün bunları peşəkar səviyyədə dərk edən sürücü yolda daha təhlükəsiz davranır. Birinci növbədə məhz sürücü peşəkarlığının artırılmasından başlanılır.
İkinci, ən vacib istiqamətlərdən biri yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasıdır. Dünyada çoxdan qəbul olunmuş belə bir konsepsiya var ki, yol-nəqliyyat infrastrukturu elə qurulmalıdır ki, insan səhvlərini belə müəyyən qədər kompensasiya edə bilsin. Məsələn, haradasa sürət həddinin tez-tez aşılması müşahidə olunursa, həmin ərazidə infrastruktur elə qurulur ki, sürücü istəsə belə yüksək sürətlə hərəkət edə bilməsin və məcburən təhlükəsiz sürətlə hərəkət etsin. Piyadalar üçün də eyni yanaşma tətbiq olunur. Onların səhvlərinin nəticələrini minimuma endirən həllər yaradılır.
Həmin proqramların əsas istiqamətlərindən biri də yollarda təhlükəsiz davranışın cəmiyyət üçün bir mədəniyyətə çevrilməsidir. Burada sürücü, piyada, sərnişin, velosipedçi və skuter istifadəçisi də daxil olmaqla hər kəs nəzərdə tutulur. Təhlükəsiz davranış həyat tərzinə çevrilməlidir. Hər kəs qaydaları bilməli, onların nə üçün tətbiq olunduğunu anlamalı və onlara könüllü, şüurlu şəkildə əməl etməlidir. Yüksək yol hərəkəti mədəniyyəti də məhz budur.
İnfrastruktur baxımından çox mühüm məsələlərdən biri küçələrin işıqlandırılması, yollardakı problemlərin aradan qaldırılması, səkisiz küçələrin aradan qaldırılması, piyadalar üçün rahat səkilərin və təhlükəsiz keçidlərin yaradılmasıdır.
Yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün dünyada çoxdan sınaqdan çıxmış ən vacib tədbirlərdən biri də yaşayış məntəqələrində küçələrin gecə vaxtı daim işıqlandırılmasıdır. Çünki təcrübə göstərir ki, ən ağır və ən çox yol-nəqliyyat hadisələri məhz qaranlıq vaxtı baş verir. Xüsusilə də piyadavurma hadisələri.
Bundan əlavə, şəhər mühitində insanların bir-birinə daha diqqətli davranması üçün ciddi addımlar atılır. İnfrastruktur qüsurları aradan qaldırılır ki, insanlar rahat və təhlükəsiz hərəkət edə bilsinlər. Ən başlıca məsələlərdən biri isə ictimai nəqliyyatın yüksək səviyyədə inkişaf etdirilməsidir. Çünki ictimai nəqliyyat nə qədər mükəmməl olsa, fərdi avtomobillərdən istifadə bir o qədər azalır. Təcrübə də göstərir ki, fərdi avtomobillərdən istifadənin az olduğu şəhərlərdə yol qəzaları da daha az baş verir.
Digər mühüm istiqamətlərdən biri tibbi təminatdır. Dünyanın hər yerində yol-nəqliyyat hadisələri baş verir və ölüm halları qeydə alınır. Lakin onların əhəmiyyətli hissəsi vaxtında göstərilməyən ixtisaslı tibbi yardım səbəbindən baş verir. Statistikaya görə, ağır travma almış şəxs hadisədən sonrakı ilk 8 dəqiqə ərzində ixtisaslı tibbi yardım ala bilsə, onun sağ qalmaq ehtimalı xeyli artır. Çünki qan itirmə, şok və digər ağırlaşmalar nəticəsində baş verən ölümlərin qarşısını almaq mümkündür”.
Ekspertin sözlərinə görə, bu sahədə görüləcək işlər çoxdur:
Bunlar əsasən sürücü peşəkarlığının artırılması, yollarda təhlükəsiz və mədəni davranışın cəmiyyət üçün həyat tərzinə çevrilməsi, yol-nəqliyyat infrastrukturunun bütün istiqamətlər üzrə mükəmməlləşdirilməsi, nəqliyyat parkının yenilənməsidir.
Bizdə nəqliyyat parkı da kifayət qədər köhnədir. Buna görə də qəzalar baş verəndə köhnə avtomobillərdə olan sürücü və sərnişinlər daha ağır xəsarətlər alır, ölüm halları da daha çox olur.
Yəni görüləcək işlər kifayət qədərdir. Dünyanın keçdiyi və uğur qazandığı yol artıq məlumdur. Həmin istiqamətdə hərəkət etmək mümkündür. 2018-ci ildə qəbul olunmuş dövlət proqramını yeniləyərək bu dəfə real şəkildə icra etmək mümkündür.”


