Texnologiya Özəl

"iPhone 17 Pro"ya rəqib gəlir? — Dünyanın ilk tam çərçivəsiz smartfonu nümayiş etdirildi

iPhone 17 Proya rəqib gəlir? — Dünyanın ilk tam çərçivəsiz smartfonu nümayiş etdirildi

Texnologiya sahəsində diqqətçəkən yeniliklərdən biri təqdim olunub. Çinin Tecno şirkəti ekranın ətrafında görünən çərçivələrin olmadığı ilk tam çərçivəsiz smartfon konseptini nümayiş etdirib.

Demokrat.az xarici mətbuata istinadən xəbər verir ki, layihə smartfon dizaynında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Məlumata görə, şirkət bu nəticəyə cihazın daxili komponentlərinin yerləşdirilməsini yenidən işləyərək nail olub. Bunun sayəsində ekran ön paneli demək olar ki, tamamilə əhatə edir və istifadəçiyə çərçivəsiz görüntü təqdim edir.

Mütəxəssislərin fikrincə, yeni dizayn smartfona baxarkən ekranın sanki istifadəçinin əlində "havada asılı qaldığı" təəssüratını yaradır. Şirkət təqdimat materiallarında yeni konsepti Apple şirkətinin təqdim etməsi gözlənilən iPhone 17 Pro modeli ilə də müqayisə edib. Bildirilir ki, "iPhone 17 Pro"nun ekran çərçivələri olduqca nazik olsa da, Tecnonun hazırladığı konseptdə bu çərçivələr demək olar ki, tamamilə aradan qaldırılıb.

Yeni smartfonun texniki xüsusiyyətləri, kamera imkanları və digər detalları sentyabr ayında keçiriləcək IFA 2026 beynəlxalq texnologiya sərgisində açıqlanacaq.

Şirkət nümayəndələri cihazın satış tarixi, qiyməti və kütləvi istehsalı ilə bağlı məlumatların da həmin tədbirdə elan ediləcəyini bildiriblər.

Jalə Demokrat.az

D
demokrat.az