Qış tədarükü mövsümündə hazırlanan ən ləzzətli mürəbbələrdən biri də kal əncir mürəbbəsidir. Düzgün üsulla bişirildikdə əncirlər öz formasını qoruyur, dağılmır və xırtıldayan quruluşu ilə seçilir.
Demokrat.az kulinariya üzrə mütəxəssis Selcan Xatunun resepti əsasında kal əncir mürəbbəsinin hazırlanma qaydasını təqdim edir.
Lazım olan ərzaqlar 1 kiloqram yaşıl kal əncir 1,5 kiloqram şəkər tozu 1,5 litr su 1 ədəd darçın çubuğu 10 ədəd mixək Yarım limonun suyu
Əhəngli məhlul üçün:
5 litr su 2 stəkan söndürülməmiş əhəng Hazırlanma qaydası
Əvvəlcə kal əncirlər yaxşıca yuyulur, saplaq hissələri kəsilir. Meyvələrin acılığını çıxarmaq üçün hər biri nazik şiş vasitəsilə bir neçə yerdən deşilir.
Daha sonra əncirlər qaynar suda bişirilir. Meyvələrin suyun səthinə çıxmaması üçün üzərinə boşqab və ya qapaq qoyulur. Bişdikdən sonra dərhal buzlu suya salınır, təxminən 10 dəqiqə saxlanılır və sonra təmiz suda bir gecə gözlədilir.
Növbəti mərhələdə əhəngli məhlul hazırlanır. Bunun üçün 5 litr suya 2 stəkan söndürülməmiş əhəng əlavə edilir, qarışdırılır və bir neçə saat saxlanılır. Məhlul durulduqdan sonra üst hissəsi ehtiyatla götürülərək əncirlərin üzərinə tökülür. Meyvələr bu məhlulda 12 saat saxlanıldıqdan sonra bol su ilə bir neçə dəfə yuyulur və yüngülcə sıxılaraq artıq suyu çıxarılır.
Şərbəti hazırlamaq üçün su və şəkər qaynadılır. Qaynayan şərbətə darçın, mixək və hazırlanmış əncirlər əlavə edilir. Mürəbbə zəif odda təxminən bir saat bişirilir. Bişmənin sonunda yarım limonun suyu əlavə olunur.
Hazır mürəbbə oddan götürüldükdən sonra otaq temperaturunda bir gecə saxlanılır. Soyuduqdan sonra steril və quru şüşə bankalara doldurularaq sərin yerdə və ya soyuducuda saxlanılır.
Mütəxəssislər bildirirlər ki, təzə əncirin ifraz etdiyi süd həssas dəridə qıcıqlanma və allergik reaksiyaya səbəb ola bilər. Buna görə də meyvələri təmizləyərkən qoruyucu əlcəkdən istifadə etmək tövsiyə olunur.
Jalə Demokrat.az


