Yeni geyim alan bəzi insanlar onu ilk dəfə geyinməzdən əvvəl yaxasına və ya astarına kiçik bir iynə sancırlar. Nəsildən-nəslə ötürülən bu adət bəziləri üçün sadəcə ənənə, digərləri üçün isə bədnəzərdən qorunma vasitəsi hesab olunur. Bəs bu inanc haradan qaynaqlanır və onun arxasında hansı səbəblər dayanır?
Demokrat.az bu qədim adətin mənşəyinə nəzər salıb.
Xalq inanclarına görə, metal əşyalar, xüsusilə iynə və sancaqlar mənfi enerjini özünə çəkərək onun insana təsirinin qarşısını alır. Bu səbəbdən yeni və diqqətçəkən geyim alan bəzi insanlar paltarın görünməyən hissəsinə kiçik bir iynə sancmağa üstünlük verirlər. İnanca görə, bu, bədnəzərdən qorunmağa kömək edir.
Başqa bir xalq inancına əsasən, mağazadan alınan geyim istehsal mərhələsindən satışa çıxarılanadək çoxsaylı insanların toxunduğu əşya olduğundan müxtəlif "enerjilər" daşıya bilər. Buna görə də bəzi insanlar iynənin həmin "yad enerjini" uzaqlaşdırdığına inanırlar.
Psixoloqlar isə bildirirlər ki, bu cür davranış daha çox özünütəlqin effekti ilə izah oluna bilər. Onların fikrincə, insan özünü qorunduğunu hiss etdikdə daha rahat və özünəinamlı olur. Bu da onun davranışına və əhvalına müsbət təsir göstərə bilər.
Xalq arasında formalaşmış ənənəyə görə, iynə paltarın görünməyən hissəsinə, əsasən yaxanın altına və ya astarına sancılır. Bəzi insanlar iynənin iti ucunun aşağı istiqamətdə olmasının mənfi enerjini uzaqlaşdırdığına inanırlar.
Qeyd edək ki, bu inanclar elmi cəhətdən təsdiqlənməyib və daha çox xalq ənənələrinə, folklor inanclarına və fərdi baxışlara əsaslanır.
Jalə Demokrat.az


