Dünya Özəl

Reşetnikov: Ermənistan "Cənubi Qafqaz Dəmir Yolu" sazişinə yenidən baxsa, Rusiya təzminat tələb edəcək

Reşetnikov: Ermənistan Cənubi Qafqaz Dəmir Yolu sazişinə yenidən baxsa, Rusiya təzminat tələb edəcək

Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Reşetnikov bəyan edib ki, "Cənubi Qafqaz Dəmir Yolu" (CQDY) Rusiya şirkəti üçün "pulsuz" aktiv deyil və sazişə yenidən baxılması halında Ermənistanın hər hansı əlavə ödəniş tələbləri əsassızdır.

Demokrat.az xəbər verir ki, bu barədə Reşetnikov TASS agentliyinə danışıb.

O, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvanın təkcə iqtisadi deyil, artıq siyasi sahədə də Rusiya ilə münasibətlərinə alternativ axtarması ilə bağlı bəyanatına cavab olaraq deyib.

Reşetnikovun sözlərinə görə, Rusiya artıq "Cənubi Qafqaz Dəmir Yolu"nun inkişafına 30 milyard rubldan çox vəsait yatırıb, yeni hərəkət heyəti alıb və mövcud müqavilə öhdəlikləri çərçivəsində infrastrukturu inkişaf etdirir.

"Əgər bu öhdəliklərə birtərəfli qaydada yenidən baxılarsa və investorumuz zərər görərsə, bizim kompensasiya tələb etmək üçün əsasımız olacaq", – deyə rusiyalı nazir vurğulayıb.

O, həmçinin bildirib ki, belə bir durumda Rusiyanın Ermənistana əlavə ödənişlər etməli olduğu barədə təkliflər əsassızdır.

Xatırladırıq ki, dünən Nikol Paşinyan TRİPP layihəsi və Ermənistan dəmir yollarının durumu haqda verilən sualı cavablandırarkən Moskvanın İrəvana 2 milyard dollar borclu olduğunu vurğulamışdı.

Alparslan Demokrat.az

D
demokrat.az