Ucar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Demokrat.az xəbər verir ki, Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Bakı-Qazax magistralının Ucar rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə üç nəfər (kişi) iyulun 31-də saat 01:20-də Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri diaqnozu ilə tibb müəssisəsinə yerləşdirilən şəxslərə zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qiymətləndirildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. Hadisə nəticəsində iki nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda bildirilib.
*** 11:35
Ucar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Demokrat.az Report-a istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral avtomobil yolunun rayonun Qarabörk kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, magistral yolda hərəkətdə olan 1979-cu il təvəllüdlü Tərtər rayonunun Köçərli kənd sakini Anar Cəfər oğlu Şamilzadənin idarə etdiyi "Mersedes Ateqo" markalı yük maşını yol kənarında dayanan 1984-cü il təvəllüdlü Gəncə şəhər sakini Tural Cəlal oğlu Məmmədovun idarə etdiyi "Şevrolet" markalı minik avtomobilinə çırpılıb.
Zərbənin təsirindən minik avtomobili yoldan çıxaraq kənarda dayanan iki piyadanı vurub.
Nəticədə piyadalardan biri elə hadisə yerində, minik avtomobilində olan sərnişinlərdən biri isə xəstəxanaya aparılarkən yolda ölüb.
Qəzada ağır bədən xəsarətləri alan Gəncə şəhər sakinləri Elmir Əsgərli, Elnur Fərəcullayev və Tural Məmmədov Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hazırda ölənlərin kimliyi müəyyənləşdirilir.
Faktla bağlı bağlı araşdırma aparılır.
Demokrat.az


