Dünya Özəl

Netanyahu ilə görüşdə senatorun geyimi müzakirələrə səbəb oldu

Netanyahu ilə görüşdə senatorun geyimi müzakirələrə səbəb oldu

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-yə səfəri çərçivəsində Vaşinqtonda demokrat senator Con Fetterman ilə görüş keçirib.

Demokrat.az xəbər verir ki, görüşün əsas müzakirə mövzusu tərəflər arasında aparılan danışıqlardan daha çox senatorun rəsmi protokoldan kənar geyim seçimi olub.

Pensilvaniya ştatını təmsil edən senator Con Fetterman görüşə kostyum əvəzinə şort və kapüşonlu sviterlə qatılıb. Onun qeyri-rəsmi geyimi qısa zamanda sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və beynəlxalq medianın diqqətini cəlb edib.

Görüşdən yayılan görüntülərdə Fettermanın ayağını ayağının üstünə aşıraraq əyləşdiyi, tez-tez mobil telefonuna baxdığı və Netanyahu ilə göz təması qurmadığı diqqət çəkib. Bu səbəbdən sosial mediada senatorun İsrailin Baş nazirinə etiraz mesajı verdiyi barədə iddialar səsləndirilib. Lakin sonradan məlum olub ki, bu iddialar həqiqəti əks etdirmir.

Demokratlar Partiyasının üzvü olmasına baxmayaraq, Con Fetterman partiya daxilində İsrailə verdiyi açıq dəstəyi ilə tanınır. Görüş zamanı Baş nazir Netanyahu da senatora 7 oktyabr hadisələrindən sonra İsrailə göstərdiyi dəstəyə görə təşəkkür edib.

Netanyahu Fettermanı “nümunəvi vətənpərvər” adlandıraraq, onun İsrailə münasibətini yüksək qiymətləndirib. Öz növbəsində Fetterman Netanyahu ilə görüşünü Senatdakı fəaliyyəti dövründə yaşadığı “ən böyük şərəflərdən biri” kimi xarakterizə edib. Senator daha əvvəl də bildirib ki, əgər Demokratlar Partiyası İsrailə hərbi yardımı dayandırmaq qərarı versə və ya bu istiqamətdə siyasətini dəyişsə, hətta istefa verməyi belə nəzərdən keçirə bilər.

Qeyd edək ki, Fettermanın rəsmi tədbirlərdə rahat geyimə üstünlük verməsi ilk dəfə deyil. O, 2024-cü ilin iyununda İsrailə səfəri zamanı da Netanyahu ilə kapüşonlu sviterdə görüşmüşdü. Səhhətindəki problemləri əsas gətirən Fetterman hazırda yalnız məcburi komissiya iclaslarında kostyum geyindiyini, digər rəsmi tədbirlərdə isə rahat və idman üslubuna üstünlük verməyə davam etdiyini bildirir.

Demokrat.az

D
demokrat.az