Dünya Özəl

105 yaşlı qadın uzunömürlülüyün sirrini açıqladı

105 yaşlı qadın uzunömürlülüyün sirrini açıqladı

Şotlandiyanın Edinburq şəhərində yaşayan 105 yaşlı Meri Devidson Smit ad gününü dünyanın müxtəlif ölkələrindən göndərilən 105 təbrik açıqcası ilə qeyd edib. O, uzun və xoşbəxt ömrünün sirrini də bölüşüb.

Demokrat.az xəbər verir ki, "The Independent" nəşrinin məlumatına görə, yaşlılar evində yaşayan Meri Devidson Smit müəssisə rəhbərliyinin çağırışından sonra dünyanın müxtəlif ölkələrindən, o cümlədən Sinqapurdan göndərilən təbrik açıqcalarını oxumaqdan böyük zövq aldığını bildirib.

Məlumata görə, Meri Smit Böyük Britaniya kralı III Çarlzdan da təbrik məktubu alıb. O, daha əvvəl mərhum kraliça II Elizabetdən də oxşar təbrik almışdı.

105 illik yubileyini ailəsi ilə birlikdə qeyd edən Meri Smit daha sonra dostları ilə birlikdə "Murrayside" yaşlılar evində təşkil olunan ənənəvi günorta çay süfrəsinə qatılıb.

Meri Smit Koreyada anadan olub. Gənclik illərində İngiltərə, Kanada və ABŞ-də yaşayıb.

Daha sonra o, Böyük Britaniyanın Kral Hərbi Dəniz Qüvvələrində xidmət edib və Vaşinqtonda qulluq etdiyi dövrdə gələcək həyat yoldaşı, Britaniya ordusunun zabiti Çarlz Vinard Devidson Smitlə tanış olub.

Cütlük sonradan Edinburqda məskunlaşıb, iki oğul – Nil və Markı böyüdüb. Hazırda Meri Smitin dörd nəvəsi var.

105 yaşlı qadın artıq 106-cı doğum günü üçün də plan qurduğunu və həmin günü "yaxşı, keyfiyyətli viski" ilə qeyd etmək istədiyini deyib.

"Bu, inanılmazdır! Mən həyatımda bu qədər açıqca görməmişdim və onların hamısı mənim üçündür", deyə o bildirib.

Uzun və xoşbəxt ömrünün sirri barədə suala cavabında isə Meri Smit bunları söyləyib:

"Mən həyatdan zövq alıram – sadəcə yaşamağa davam edirəm".

O əlavə edib ki, uzunömürlülük onların ailəsində nəsildən-nəslə davam edən xüsusiyyətdir.

"Murrayside" yaşlılar evinin rəhbəri Syuzanna Uelş isə bildirib ki, Meri Smit müəssisənin ən sevilən sakinlərindən biridir və zəngin həyat təcrübəsi ilə hər zaman maraqlı xatirələr bölüşür.

Onun sözlərinə görə, Meri Smit gəzintilərdə, kilsə tədbirlərində, viktorinalarda, musiqi məşğələlərində və dostları ilə səhər qəhvəsi görüşlərində həvəslə iştirak edir.

Syuzanna Uelş qeyd edib ki, yaşlılar evinin kollektivi sakinlərin fəal və dolğun həyat sürməsinə çalışır və Meri Smit üçün dünyanın müxtəlif ölkələrindən 105 təbrik açıqcası toplamaq məqsədinə nail olduqları üçün böyük məmnunluq hissi keçirir. O əlavə edib ki, Meri Smit dünyanın hər yerindən gələn sevgi və xoş arzulara görə çox təsirlənib.

Jalə

D
demokrat.az