Maraqlı Özəl

Qızıl saçlı insanlar yox olacaq?

Qızıl saçlı insanlar yox olacaq?

Sosial mediada tez-tez yayılan qızıl saçlı insanların nəslinin tükənəcəyi ilə bağlı iddialar elmi baxımdan təsdiqlənməyib. Mütəxəssislər bildirirlər ki, resessiv genlər cəmiyyət daxilində gizli şəkildə ötürülməyə davam edəcək və bu xüsusiyyət heç vaxt tamamilə yox olmayacaq.

Demokrat.az xəbər verir ki, sosial mediada və populyar mədəniyyətdə zaman-zaman gündəmə gələn “qızıl saçlıların nəsli tükənir” iddiası nə dərəcədə doğrudur? Dünya əhalisinin 2 faizindən az hissəsində rast gəlinən bu fiziki xüsusiyyət, mütəxəssislərin fikrincə, bioloji baxımdan heç vaxt tamamilə aradan qalxmayacaq.

Dermatoloqlar və genetik alimlər bu saç rəngini müəyyən edən genetik variantların insan cəmiyyətlərində həmişə mövcud olacağını bildirirlər. Bunun əsas səbəbi genetik irsin ötürülmə mexanizmidir.

Uşağın qızıl saçlı doğulması üçün onun həm anasından, həm də atasından MC1R geninin resessiv variantını alması lazımdır. Valideynlərdən yalnız biri bu geni daşıyırsa, həmin şəxs qızıl saçlı görünməyə bilər, lakin bioloji daşıyıcı olur.

Qara, şabalıdı və ya sarı saçlı valideynlərin uşaqlarında qızıl saç rənginin qəfil ortaya çıxması məhz bu gizli daşıyıcılıqla izah edilir.

Bir genin tamamilə yox olması üçün həmin geni daşıyan insanların nəsil artırma göstəricilərində ciddi azalma baş verməlidir. Lakin qızıl saçlı insanlarda belə bioloji geriləmə müşahidə edilmir.

Qızıl saç və həssas dəri ilə əlaqəli yüksək dəri xərçəngi riski belə bu genin gələcək nəsillərə ötürülməsinə mane olmur.

Xərçəng halları və bununla bağlı itkilər əsasən insanların reproduktiv yaş dövründən sonra baş verir. Buna görə də insanlar genetik xüsusiyyətlərini növbəti nəslə ötürmək imkanını artıq əldə etmiş olurlar.

Qlobal miqrasiya dalğaları müəyyən bölgələrdə qızıl saçlı insanların nisbətini zaman-zaman dəyişə bilər. Lakin resessiv genlərin cəmiyyət daxilində gizli şəkildə ötürülməsi davam etdiyi müddətdə qızıl saçlı insanların Yer üzündən tamamilə silinməsi mümkün deyil.

Jalə

D
demokrat.az