Kriminal Özəl

Bir şüşə içkiyə görə azadlığı məhdudlaşdırıldı

Bir şüşə içkiyə görə azadlığı məhdudlaşdırıldı

Yevlax rayonunda 41 yaşlı kişi həmyerlisinə xəsarət yetirməkdə təqsirləndirilib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Yevlax şəhəri, Füzuli küçəsində yerləşən marketlərdən birində baş verib.

1985-ci il təvəllüdlü Eldəniz (ad şərtidir – red.) mağazada aldığı ərzaq məhsullarının pulunu ödəmək istəyərkən əvvəllər tanıdığı Sənan (ad şərtidir – red.) ona yaxınlaşaraq üzərində pulunun olmadığını bildirib və aldığı bir ədəd spirtli içkinin pulunu da onun ödəməsini xahiş edib.

Eldəniz isə bu xahişi qəbul etməyib. Bundan sonra o, Sənana belə bir xahişlə müraciət etməsinə irad bildirib və tərəflər arasında mübahisə yaranıb.

İstintaq materiallarına görə, Eldəniz mübahisə zamanı qəfil Sənanın üzərinə hücum edərək başı ilə onun sifət nahiyəsinə bir dəfə zərbə vurub və müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Faktla bağlı Eldəniz barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə cinayət işi başlanılıb.

İş üzrə ifadə verən Eldəniz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, törətdiyi əmələ görə səmimi peşman olduğunu və zərərçəkmiş şəxslə barışdığını bildirib.

Yevlax Rayon Məhkəməsinin hökmü ilə Eldəniz 2 il 3 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Hökmə əsasən, cəzaçəkmə müddəti ərzində ona hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etmək qadağan olunub.

Bundan əlavə, həmin müddət ərzində Yevlax rayonunun inzibati ərazisini tərk etməsinə də məhdudiyyət qoyulub.

Məhkəmə həmçinin Eldənizin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək, onun işlək vəziyyətdə saxlanılmasını təmin etmək, məhkəmənin icazəsi olmadan yaşayış yerini dəyişməmək, eləcə də iş və ya təhsil yerini dəyişdiyi halda cəzanın icrasına nəzarət edən orqanı əvvəlcədən məlumatlandırmaq öhdəliyi qoyub.

Həmçinin təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalından azad olunub.

Fariz Məlikli

D
demokrat.az