Kriminal Özəl

Ölən anasının əşyalarına görə qardaşı arvadını bıçaqladı — Məhkəmə

Ölən anasının əşyalarına görə qardaşı arvadını bıçaqladı — Məhkəmə

Gədəbəy rayonunda 71 yaşlı kişi qardaşı arvadına bıçaqla ağır xəsarət yetirməkdə ittiham olunub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyunun 6-da rayonun kəndlərindən birində baş verib. 1955-ci il təvəllüdlü Fərman (ad şərtidir – red.) həmin gün saat 15:00 radələrində yaşadıqları evin həyətində qardaşı arvadı Fatimə (ad şərtidir – red.) ilə mübahisə edib.

Mübahisəyə səbəb Fatimənin Fərmana və mərhum anasına məxsus köhnə əşyaları evdən atması olub. Fərman buna görə qardaşı arvadına irad bildirib.

Bu zaman Fatimənin onu nalayiq ifadələrlə təhqir etməsinə əsəbiləşən Fərman əlində olan bıçaqla qadının sol üz nahiyəsinə bir zərbə endirib.

Faktla bağlı Fərman barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə ifadə verən Fərman ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, boş vaxtlarında kənddə köhnə müəllim yoldaşları ilə görüşür:

"Belə günlərin birində yoldaşlarla görüşdükdən sonra kənddə yerləşən ata evimizə getdim. Gördüm ki, qardaşım Yusifin həyat yoldaşı Fatimə evin ikinci mərtəbəsindən əşyaları həyətə atır. Qardaşım həyətdə idi. Ondan Fatimənin bunu niyə etdiyini soruşdum. O isə 'başı xarabdır, başı çatmır' dedi. Sonra paltarımı dəyişdim və Yusiflə birlikdə həyətə atılan əşyaları zirzəmiyə yığdıq."

Fərmanın sözlərinə görə, həyətdə kiçik bostanı olub:

"Az miqdarda lobya, pomidor, bibər və kartof əkmişdim. Lobya çubuqlarından sonuncusunu basdırmaq üçün bıçaqla ağac budağını yonurdum. Həmin vaxt Fatimə bulağın yanında qab yuyurdu. Mərhum anamın əşyalarının zibilə atıldığını görəndə onları kənddə imkansız adamlara vermək istədiyimi dedim və niyə atdığını soruşdum. O isə 'səni də atacam' dedi. Mən də hara atacağını soruşanda zirzəmiyə atacağını bildirdi."

Fərman bildirib ki, daha sonra qardaşı Yusifdən həyat yoldaşını sakitləşdirməsini istəyib:

"Fatimə mənə qarşı çox ağır ifadələr işlətdi. Sağ əlimdə bıçaq, sol əlimdə isə ağac parçası var idi. Qardaşım xəstə olduğundan başını aşağı salıb sakit dayanmışdı. Fatimə yenidən nalayiq ifadələr işlədəndə özümü itirdim və bıçaq olan əlimlə ona yumruq atdım. O, başını geri çəkdiyi üçün bıçağın ucu üz nahiyəsinə dəydi. Bundan sonra bıçağı yerə atdım. Fatimə qaçaraq qonşuları köməyə çağırdı. Mən isə həyətdəki çiçəklərdən dərib valideynlərimin məzarını ziyarət etdim, daha sonra polisə təslim oldum."

Zərərçəkmiş Fatimə ifadəsində bildirib ki, əri Yusif və övladları ilə birlikdə 1988-ci ildən Rusiyada yaşayıb, yalnız müəyyən vaxtlarda Gədəbəydəki evlərinə gəliblər.

Onun sözlərinə görə, 2025-ci il mayın 24-də Sumqayıtda olarkən Yusifin bacısının həyat yoldaşı Eldar ona zəng edərək Fərmanın onu balta ilə öldürmək niyyətində olduğunu deyib. Lakin əri bu sözlərə inanmayıb.

Fatimə bildirib ki, mayın 26-da kəndə gəliblər və Qurban bayramı münasibətilə evdə təmizlik apararkən istifadəyə yararsız köhnə əşyaları zibilliyə atıb:

"Fərman həyətə gələndə mərhum qayınanama məxsus köhnə termosun zibilliyə atıldığını görüb mənə irad bildirdi. Mən də termosun istifadəyə yararsız olduğu üçün atıldığını dedim." Zərərçəkmiş ifadəsində daha sonra qaynı ilə aralarında baş verən mübahisədən və nəticədə bıçaqlanmasından danışıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərman 4 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub.

Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan məhkum apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, işə yenidən baxılmasını və ədalətli qərar qəbul olunmasını xahiş edib.

Gəncə Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Fariz Məlikli

D
demokrat.az