Maraqlı Özəl

90-cı illərin sağlamlıq tövsiyələri: Bu gün də aktuallığını qoruyur

90-cı illərin sağlamlıq tövsiyələri: Bu gün də aktuallığını qoruyur

90-cı illərin modası – platforma ayaqqabılar, slip donlar və "mom" cinsləri yenidən populyarlaşıb. Məlum olub ki, həmin dövrdən yalnız geyimlər deyil, sağlam həyat tərzi ilə bağlı bəzi vərdişlər də bu günə qədər əhəmiyyətini qoruyub. Bununla yanaşı, həmin dövrün bəzi sağlamlıq trendləri artıq zərərli hesab olunur.

Demokrat.az cəbər verir ki, bu barədə “Parade” nəşrinə həkimlər Devid Katler, Rac Daşqupta və Aleksa Mies Malçuk danışıblar.

Həkimlərin sözlərinə görə, siqaretdən və qanunsuz narkotik maddələrdən imtina etmək istənilən dövrdə sağlamlıq üçün ən faydalı qərarlardan biridir. Onlar xatırladıblar ki, hələ 1990-cı illərdə nikotin plastırları və siqareti tərgitməyə kömək edən digər vasitələr geniş yayılmağa başlamışdı. Devid Katler bildirib ki, siqaretdən imtina istənilən yaşda sağlamlığı yaxşılaşdırır və ömür uzunluğunu artırır. Bu gün isə bununla bağlı elmi sübutlar əvvəlkindən daha güclüdür.

Meyvə və tərəvəzin daha çox istehlak edilməsi ilə bağlı tövsiyə də aktuallığını itirməyib. Katlerin sözlərinə görə, 1990-cı illərin əvvəllərində başladılan "Gündə 5 porsiya" kampaniyasının faydaları bu gün də araşdırmalarla təsdiqlənir. Belə qidalanma ürək-damar xəstəlikləri, bəzi xərçəng növləri və vaxtından əvvəl ölüm riskini azaldır.

Evdə idman etmək də hələ də effektiv hesab olunur. Sadəcə, əvvəllər istifadə olunan VHS kasetlərini indi “YouTube” videoları və fitnes tətbiqləri əvəz edib. Həkim qeyd edib ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) 1995-ci ildə gündə ən azı 30 dəqiqə orta intensivlikli fiziki aktivliklə bağlı tövsiyəsi bu gün də aktuallığını qoruyur. Bununla belə, Amerika Ürək Assosiasiyası hazırda həftədə ən azı 150 dəqiqə orta intensivlikli və ya 75 dəqiqə yüksək intensivlikli fiziki fəaliyyət, eləcə də iki dəfə güc məşqləri etməyi tövsiyə edir.

Həkimlər diyircəkli konki sürməyin də faydalı fiziki fəaliyyət olduğunu bildiriblər.

"Bu, daha çox əyləncə kimi qəbul edilən fəaliyyətlərdəndir, lakin eyni zamanda ürək-damar sistemi üçün yaxşı məşqdir", deyə Rac Daşqupta bildirib.

Onun sözlərinə görə, yeni başlayanlar mütləq dəbilqə və digər qoruyucu vasitələrdən istifadə etməli, düz səth seçməli və məşqlərə 10 dəqiqədən başlayaraq müddəti tədricən artırmalıdırlar.

Təmiz havada gəzinti, soya məhsullarının (tofu, edamame və soya südü) istehlakı, vaxtında peyvənd olunmaq və velosiped sürərkən dəbilqədən istifadə etmək də həkimlərin fikrincə, bu gün də sağlam vərdişlər sırasındadır.

Aleksa Mies Malçuk isə xüsusilə canlı ünsiyyətin vacibliyini vurğulayıb: "Smartfonlar və sosial şəbəkələr bizi real sosial ünsiyyətdən uzaqlaşdıra bilər".

90-cı illərdən qalan hansı vərdişlərdən imtina etmək lazımdır?

Həkimlər həmin dövrün ən təhlükəli sağlamlıq trendlərindən biri kimi opioid tərkibli ağrıkəsicilərə münasibəti göstəriblər.

"Bu preparatlar demək olar ki, bütün ağrılar üçün universal həll yolu kimi təqdim edilirdi. O dövrün nəşrlərində asılılıq riski ciddi şəkildə kiçildilirdi", deyə Devid Katler izah edib.

Nəticədə “OxyContin”, fentanil və oxşar preparatlardan geniş istifadə olunmağa başlanıb, sonradan isə bu, doza həddinin aşılması hallarının kütləvi artmasına səbəb olub.

"Ağrı yoxdursa, nəticə də yoxdur" şüarı da zərərli yanaşma kimi qiymətləndirilib.

"Bu, yəqin ki, idman tarixində ən uğursuz reklam kampaniyalarından biridir", deyə Aleksa Mies Malçuk bildirib və əlavə edib ki, məşqlər effektiv olmalı, lakin ağrı həddinə qədər ağır olmamalıdır.

Bədənin müəyyən hissəsindəki piyləri xüsusi trenajorlarla, məsələn, “ThighMaster” vasitəsilə azaltmaq cəhdlərinin də təsirli olmadığı vurğulanıb.

"Bu qurğular əzələləri gücləndirə bilər, lakin orqanizmin piyləri hansı nahiyədən itirəcəyini müəyyən edə bilməz", deyə Rac Daşqupta qeyd edib.

Hər səhər bir stəkan portağal şirəsi içmək vərdişi də artıq tövsiyə edilmir. Həkimlərin sözlərinə görə, portağal şirəsində şəkər çox, lif isə azdır. Buna görə də bütöv meyvə yemək daha faydalıdır. Kələm şorbası və ya yalnız maye qidalar əsasında qurulan sərt pəhrizlər isə sağlamlıq üçün zərərli hesab olunur.

Jalə Demokrat.az

D
demokrat.az