Sosial Özəl

Bakıda cırcıramaların artmasının səbəbi açıqlandı

Bakıda cırcıramaların artmasının səbəbi açıqlandı

Son günlər paytaxtda cırcıramaların sayının artdığı müşahidə olunur. Bəzi şəxslər iddia edir ki, onlar təkcə küçələrdə deyil, bəzi hallarda evlərə də daxil olur.

Bəs şəhərdə cırcıramaların sayının artmasının səbəbi nədir?

Demokrat.az-a mövzu ilə bağlı açıqlama verən ekoloq Sadiq Həsənov bildirib ki, yaz aylarından başlayaraq, xüsusilə havaların isti keçdiyi dövrdə kiçik həşəratların, qarışqaların, cırcıramaların və müxtəlif böcəklərin aktivləşmə mərhələsi başlayır:

“Onların ömrü qısa olur və adətən yumurtadan çıxdıqdan sonra aprel-may aylarından etibarən aktivləşirlər. İyul-avqust aylarında temperatur yüksəldikcə isə sayları sürətlə artır. Bu dövrdə həşəratlar təkcə təbiətdə deyil, şəhər mühitində də çoxalırlar. Xüsusilə yaşıllıq ərazilərində onlara daha çox rast gəlinir və bəzən evlərə də daxil ola bilirlər. Məsələn, qarışqaların, may böcəklərinin və cırcıramaların sayı bu aylarda nəzərəçarpacaq dərəcədə artır”.

Ekoloq qeyd edib ki, burada qeyri-adi ekoloji pozuntudan və ya başqa fövqəladə səbəbdən söhbət getmir:

“Əgər hər hansı ərazidə üzvi tullantılar və ya qida məhsulları uzun müddət qalarsa, həmin yerdə bu həşəratların kütləvi şəkildə toplanması müşahidə oluna bilər. Eyni zamanda, ətrafda şirniyyat və digər qida məhsullarının çox olması da qarışqaların və bəzi digər kiçik həşəratların sayının artmasına şərait yaradır. Yəni bu həşəratların çoxalması əsasən iqlim və mövsümi dəyişikliklərlə bağlı olan təbii prosesdir”.

Fidan Hacızadə

D
demokrat.az