Sosial Özəl

Kredit borcu ilə bağlı yeni mexanizm gəlir — Açıqlama

Kredit borcu ilə bağlı yeni mexanizm gəlir — Açıqlama

Azərbaycanda kredit risklərinin işsizlikdən sığortalanması mexanizminin tətbiqi istiqamətində hazırlıqlar davam edir. Təsdiq olunacaq qaydalara əsasən, müəyyən hallar baş verdikdə ödənilə bilməyən borcların üçüncü tərəfin vəsaiti hesabına bağlanması nəzərdə tutulur.

Bu mexanizmdən sui-istifadə halları yarana bilərmi? Məsələn, şəxs kredit ödənişindən yayınmaq üçün öz istəyi ilə işdən çıxıb, daha sonra qeyri-rəsmi işləyərək sığorta təminatından yararlana bilərmi? Belə halların qarşısı necə alınacaq?

Milli Məclisin deputatı Vüqar Bayramov məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında bildirib ki, işsizlərin sığortalanması mexanizmi əksər inkişaf etmiş ölkələrdə uğurla tətbiq olunur.

Kredit borcu ilə bağlı yeni mexanizm gəlir — Açıqlama

Onun sözlərinə görə, bu sistemlərdə əsas diqqət sui-istifadə hallarının qarşısının alınmasına yönəldilir və bunun üçün müxtəlif nəzarət mexanizmləri tətbiq edilir:

“Hazırda Azərbaycanda da işsizlikdən sığorta ödənişi sistemi fəaliyyət göstərir və bu sahədə sui-istifadə risklərini minimuma endirmək üçün müəyyən mexanizmlər mövcuddur. Məqsəd süni şəkildə işdən azad olunan şəxslərin deyil, həqiqətən işini itirmiş vətəndaşların sığorta təminatından faydalanmasını təmin etməkdir. Gələcəkdə kredit risklərinin işsizlikdən sığortalanması mexanizmi tətbiq edilərsə, burada da eyni prinsip əsas götürüləcək. Yəni yalnız real olaraq iş yerini itirmiş və kreditini bu risk üzrə sığortalamış şəxslər həmin sığorta məhsulundan yararlana biləcəklər”.

Deputat əlavə edib ki, İşsizlikdən Sığorta Fondu tərəfindən ödənişlərin həyata keçirilməsi zamanı formalaşmış təcrübə göstərir ki, sui-istifadə hallarının qarşısını almaq üçün effektiv nəzarət mexanizmləri tətbiq etmək mümkündür:

“Bu təcrübədən kreditlərin sığortalanması sahəsində də istifadə olunacaq. Əlbəttə, hər bir sığorta sistemində sui-istifadə cəhdləri ola bilər. Buna görə də mexanizmin düzgün və şəffaf şəkildə hazırlanması vacibdir ki, dəstək həqiqətən işini itirmiş və ehtiyacı olan vətəndaşlara çatsın”.

Fidan Hacızadə

D
demokrat.az