Azərbaycanda kartof ixracından əldə olunan gəlirlər artmaqda davam edir. Lakin bu artım daxili bazarda qiymətlərin ucuzlaşmasına gətirib çıxarmır.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, ixracın artması daxili bazarda qiymətlərin enməsinə səbəb olmur.
Onun sözlərinə görə, ixrac daha sərfəli şərtlərlə məhsulun xarici bazarlara satılması deməkdir və bu, fermerlərin gəlirlərinin artmasına xidmət edir:
“Azərbaycanda kartof ixracından əldə olunan gəlirin artmasına baxmayaraq, daxili bazarda kartofun qiymətində ciddi ucuzlaşma müşahidə olunmur. İxrac daxili bazarda qiymətləri ucuzlaşdırmır. Əksinə, qiymətləri sabitləşdirən və artıran faktordur. Məhsul o zaman ixrac edilir ki, xarici bazarda daha əlverişli qiymət təklif olunur. Ucuzlaşma isə məhsul satılmadıqda, əldə qaldıqda və istehsalçı zərərə düşməmək üçün qiyməti endirməyə məcbur olduqda baş verir. Ölkə iqtisadiyyatı və kənd təsərrüfatının inkişafı baxımından əsas məqsəd ixracın genişləndirilməsi olmalıdır. İxrac fermerin və sahibkarın gəlirlərini artırır, istehsalın genişlənməsinə şərait yaradır. Daxili bazarda qiymətlərin ucuz olması naminə fermer ixracdan imtina etməməlidir.
Hazırkı şəraitdə qiymət sabitliyi anlayışından danışmaq çətindir. İnflyasiya, yanacaq, logistika və əməkhaqqı xərclərinin artması istehsalın maya dəyərini yüksəldir və bu da məhsulun qiymətinə təsir göstərir. Kartofun ucuz olmasını istəyiriksə, istehsal həcmini artırmalıyıq. Lakin kartof əkin sahələrinin genişləndirilməsi digər kənd təsərrüfatı məhsullarının əkininə təsir göstərir. Buna görə də bazarda qiymətlər tələb və təklif əsasında formalaşmalıdır”, – deyə Xalid Kərimli fikrini tamamlayıb.


