Sosial Özəl

Ölkədə ipoteka ilə bağlı real vəziyyət necədir? — Açıqlama

Ölkədə ipoteka ilə bağlı real vəziyyət necədir? — Açıqlama

Azərbaycanda ipoteka krediti alanların böyük hissəsini evli şəxslər təşkil edir. Məlumata görə, ölkədə ipoteka alanların 67 faizi evli, 33 faizi isə subaydır. Bildirilib ki, ipoteka kreditindən ən çox istifadə edənlər 29-35 yaş aralığında olan şəxslərdir. İpoteka alanların məşğulluq bölgüsündə də dövlət sektorunda çalışanlar üstünlük təşkil edir. Belə ki, kredit götürənlərin 58 faizi dövlət, 42 faizi isə qeyri-dövlət sektorunda çalışır.

Bu vəziyyət ipoteka şərtləri ilə bağlıdır, yoxsa sosial-iqtisadi amillərlə?

İqtisadçı Fuad İbrahimov Demokrat.az-a açıqlamasında söyləyib ki, ipoteka kreditlərinin əsas şərtlərindən biri dayanıqlı iş yerinin olmasıdır:

“Praktikada bu meyarı daha çox dövlət sektorunda çalışanlar təmin edə bilir. Bu da müəyyən problemlər yaradır. Məsələ ondadır ki, özəl sektorda iş yerlərinin tez-tez dəyişməsi, şirkətlərin açılıb-bağlanması və məşğulluğun daha qeyri-sabit olması ipoteka kreditlərinə çıxışı məhdudlaşdırır. Elə buna görə də verilən ipoteka kreditlərinin bölgüsündə dövlət sektorunda çalışanlar üstünlük təşkil edir və mənzərə təxminən 58 faiz dövlət, 42 faiz isə qeyri-dövlət sektoru şəklində formalaşır”.

İqtisadçı əlavə edib ki, makroiqtisadi baxımdan təhlil aparsaq, 42 faizlik göstərici də kifayət qədər yüksək hesab oluna bilər:

“Çünki bu rəqəmin əhəmiyyətli hissəsi dövlətə aid olmasa da, uzun illər bazarda fəaliyyət göstərən, maliyyə baxımından dayanıqlı iri şirkətlərdə çalışan şəxslərin payına düşür. Yəni söhbət bütün özəl sektordan deyil, daha çox etibarlı və sabit şirkətlərdən gedir. Gələcəkdə bu balans qeyri-dövlət sektorunun xeyrinə dəyişməlidir. Özəl sektorda məşğulluq nə qədər sabit və şəffaf olarsa, bu, həm ipoteka kreditlərinə çıxışı genişləndirər, həm də ölkə iqtisadiyyatında şəffaflığın və dayanıqlığın artdığını göstərən mühüm göstəricilərdən biri olar. Bu statistika makroiqtisadi təhlillər zamanı da iqtisadiyyatın vəziyyəti barədə müəyyən nəticələr çıxarmağa imkan verir”.

Fidan Hacızadə

D
demokrat.az